Reklam
Reklam

Məsəllər, deyimlər

NƏ HIR QANIR, NƏ DƏ ZIR

►Heç nə başa düşməyən, xüsusən işarə başa düşməyən key, maymaq adamlar haqqında işlədilən ifadə.

İfadə Molla Nəsrəddin haqqında məşhur bir lətifədən qaynaqlanır.

Mollanın şəhərdə hakim işlədiyi günlərin birində yanına iki nəfər şikayətçi gəlir. Molla onlardan birincisini dinləyib deyir:

– Sən haqlısan, bala!

Daha sonra ikinci şikayətçi söz alıb birincinin söylədiklərinin hamısının yalan olduğunu isbat etməyə çalışır. O, sözünü bitirdikdə Molla deyir:

– Sən də haqlısan, bala!

Mollanın oğlu da həmin məclisdə imiş. Atasından bu cavabları eşidib deyir:

– Ata, sən ki şikayətçilərin ikisinə də «sən haqlısan» dedin. Belə də iş olar?

Molla deyir:

– Elə sən də haqlısan, bala!

Oğlu:

– Onda bəs haqsız kim oldu?

Molla:

– Haqsız məni bu qulluğa qoyan axmaqdır ki, nə hır qanır, nə də zır.

Məsəllər, deyimlər