Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqlimlərin təsnifatı

Yer kürəsində mövcud olan iqlimlərin fərqli və oxşar xüsusiyyətlərinə əsasən sistemləşdirilməsi.

Bu sistemlərdə iqlimlər əsas götürülən müəyyən cəhətlərinə görə tiplərə bölünür; məsələn, temperatur rejimi və rütubətlilik dərəcəsi üzrə təsnifatda (Köppen təsnifatı) 16 iqlim tipi var və onların çoxuna hər tip üçün səciyyəvi olan bitkilərin adları verilib. Relyef xüsusiyyətləri üzrə dağ iqlimi, arid iqlim (səhraların iqlimi), nival iqlim (buzlaqların iqlimi) və s. fərqləndirilir. Hava kütlələrinin sirkulyasiyası əsas götürüldükdə isə materik, okean, qərb sahilləri və şərq sahilləri iqlimi kimi formalar diqqəti cəlb edir. Materiklərdə kontinental iqlim tipi, okeanlarda dəniz iqlimi tipi hakimdir, qərb sahillərində musson iqlim tipinə daha çox rast gəlinir və s. Ümumiyyətlə, ilk dəfə İ.T.-nı avstriyalı coğrafiyaşünas Aleksander Zupan (1873) təklif edib. Daha sonralar müxtəlif ölkələrin alimləri – Y.Qann (1883), A.Voeykov (1884), V.Köppen (1900 və 1938), L.Berq (1924), B.Alisov (1952) və b. İ.T.-nın yeni variantlarını hazırlayıblar. Bu İ.T. sırasında ən geniş istifadə ediləni Yer kürəsini 13 iqlim qurşağına bölən B.Alisovun təsnifatlarıdır.

See also:

Coğrafiya terminləri lüğəti