İnformasiyanın emalı sahəsində ciddi keyfiyyət dəyişiklikləri ilə əlaqədar cəmiyyətin inkişafında baş verən sıçrayışlar və ictimai münasibətlərin yeniləşməsi mərhələləri.
İ.İ.-larına dair müxtəlif konsepsiyalar mövcuddur. Bu konsepsiyalardan birinə görə, bəşər tarixi – informasiya texnologiyalarının inkişafı tarixidir və İ.İ.-ları e.ə. III minillikdə şumerlərin yazını icad etməsi ilə başlanıb. Sonrakı inqilab mərhələləri kimi Avropada kitab çapı texnologiyasının (XV əsr), elektrik rabitəsinin (XIX əsr), elektron hesablayıcı texnikanın (XX əsrin ortaları) yaranması tarixləri və nəhayət, informasiya cəmiyyətinin formalaşmağa başladığı dövr (XX əsrin sonları) göstərilir. Digər alimlər İ.İ.-larının tarixini sənaye inqilabı dövründən (XIX əsr) hesablayır, üçüncülər onu kompüterin, mikroprosessor texnologiyasının və internetin ixtirası ilə (XX əsrin ikinci yarısı) bağlayır. Bu bölgü sistemlərinin hamısı şərti xarakter daşıyır.
Jurnalistika terminləri lüğəti