►Eyhamla danışmaq, söz atmaq, kimisə pisləmək, arxasınca danışmaq, sözünü birbaşa yox, dolayı yolla demək.
İfadənin müqəddəs «İncil»dən qaynaqlandığı ehtimal olunur.
Məlumdur ki, əvvəllər cinayətkarları çox qəddar üsulla cəzalandırırdılar – ölənə kimi daşqalaq edirdilər. Daşı ilk atan isə şahid, yaxud zərərçəkmiş adam olmalı idi. «İncil»də deyilir: bir dəfə çox ciddi və ağır cinayətə görə günahlandırılan qızı İsanın yanına gətirdilər. Kütlə İsanı seçim qarşısında qoymaq istəyirdi: mərhəmət göstərib qızı bağışlamaq, yoxsa humanist prinsiplərə qarşı çıxaraq hökmü təsdiqləmək. Adamları diqqətlə dinlədikdən sonra İsa dedi: «Qoy hamıdan birinci daşı həyatında heç vaxt günah işləməyən adam atsın». Lakin heç kim irəli durmadı. Bu yolla da qız bağışlandı, çünki heç kim ona daş atmağa cəsarət etmədi – hamının günahı vardı.
Sonralar adi həyatda bu ifadənin əvvəlinə «bostan» sözü əlavə olunmuşdur: bostana daş atmaq, yaxud kiminsə bostanına daş atmaq.
Əslində, bu birləşmənin məna yükü «daş atmaq» ifadəsi ilə bağlıdır və hərəkətindən narazı qaldığın kimisə qınayarkən ona münasibətdə eyhamla işlədilir.
Məsəllər, deyimlər