Buradakı ağıl sözü, əslində, al (ön, qabaq) kəlməsinin təhrif olunmuş formasıdır. Alaçıq sözü “qabağı açıq” (qapısı olmayan) deməkdir. Qapı əvəzinə, bir palaz asırlar, oradan da içəri görünür, kimin nə iş gördüyü məlum olur. Eybi örtmək üçün palaza bir keçə də calayırlar ki, deşik örtülsün. İfadənin mənası “qabağına keçə yamayım (yapışdırım)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “yavaş”, “asta” mənalarını verən ağru (aquru) sözü var. Ağır-ağır hərəkət etmək ifadəsindəki ağır sözü buradan əmələ gəlib. Ağrı kəlməsi inkişaf prosesində ağır formasını kəsb edib. Ağruq sözü də olub və “yük” mənasında işlədilib. İkinci bir ağır sözü bununla bağlıdır. Üçüncü bir ağır sözü də var: “qiymətli, vəznli” deməkdir (“çəkidən yüngül, qiymətdən ağır” deyirik). Deməli, ağır kəlməsi “yavaş, yük və qiymətli” anlamlarını əks etdirən omonim sözüdür. Güman edilir ki, ağır və ağrımaq sözləri eyni kökdən əmələ gəlib. Ağır şey canlı varlığı ağrıdır; “müqəddəs”, “şərəfli” mənası da var, ən çox ağır ellər kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim mənası “deşik”, “boşluq” demək olub. Bu söz tarixi baxımdan qazmaq, qazan sözləri ilə qohum ola bilər. Ağız boşluğu müəyyən mənada qazılmış yeri, çökəkliyi (qazanı) xatırladır. Sözün bir mənası da rus dilindəki “проход” kəlməsinin mənasına uyğun gəlir. Ruslardakı рот və рыть sözləri də kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAğı demək, ağlamaq, sıtqamaq, yağış tipli sözlərin hamısı “su” anlamı ilə bağlıdır. Fonetik dəyişmələr nəticəsində formaca bir-birindən uzaqlaşıb: tarixi baxımdan ağlamaq – “cığlamaq”, ağı demək – “cağu demək”, yağış – “cağış” kimi işlədilib. “Su” anlamı ilə bağlı olan belə sözlər 20-dən çoxdur: curdək, cuvar, çala, çay, çən və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz ağlayıb-sığıtmaq kimi olub. Həm ağla, həm də sığıt kəlmələri su anlayışı ilə bağlıdır, “göz yaşı” deməkdir. Ağlamaq sözü qabaqlar cığlamaq kimi olub, cığ isə “su” deməkdir. Sığıt kəlməsində isə su sözünün əlamətləri aydınca hiss olunur. Su sözünün ən qədim mənası “влага”(yaş, nəm) demək olub. Tuva dilində həmin məna indi də qalır, bu dildə sıtqa yerinə suğut işlədilir, bu, su anlamı ilə bağlıdır. Tatar dilində çay (река) əvəzinə yelqa sözü işlədilir. Həmin yelqa sözü ilə yığla (ağla) kəlməsi tarixi baxımdan eyni kökə malikdir və su deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEhtiyacı təcili ödəmək üçün dəyirmanda azca dən üyütməyə “ağnağaz” deyirlər. Bu kəlmənin mənşəyi barədə bir neçə mülahizə söyləmək olar:
1. Rus dilindəki “жнивье” mənasını verən anız sözümüz olub. Ağnağaz bununla bağlı ola bilər, yəni biçin zamanı yerə tökülmüş sünbülləri yığıb bir qədər dən düzəltmək və onu üyütmək.
2. Ağnağaz az-maz sözü ilə bağlı ola bilər, yəni az-maz dən üyütmək və zəruri ehtiyacı ilkin ödəmək.
3. Ağnağaz sözü alağız kəlməsinin dəyişmiş forması da ola bilər. Mənası “ağızı aldatmaq” (al – “aldat” sözünün qədim köküdür), yəni “azca qidalanmaq (mədəni aldatmaq)” deməkdir. Üçüncü yozum daha inandırıcıdır. Bəzi dialektlərdə indi də alağızdanmaq sözü işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDivar uçub töküləndə deyirik: divar ağnayıb tökülür. Qədimdə ağmaq feili olub və rus dilinə “свалиться”, “склоняться”kimi tərcümə olunub. Sonra ağmaq feili ağnamaq şəklində sabitləşib. Sözün qədim kökü ağ kəlməsidir, “yuxarı” anlamı ilə bağlıdır. “Torpağın ağnaması”, “yuxarıdan aşağı tökülməsi” kimi başa düşülə bilər. Ağnamaq sözünün başqa bir mənası heyvanla bağlıdır: o, ayaqlarını yuxarı qaldırır, belini yerə qoyur və sağa-sola hərəkət edir. Ağmaq feilinin “əyilmək, o yan, bu yana meyil etmək”mənası da var. Heyvanın ağnaması, adamın axsaması (əsli: ağsamaq olub) ağ sözünün əyilmək mənası ilə bağlıdır. -sa şəkilçisi meyil bildirən feillər düzəldir (susamaq – “suya meyil etmək” və s.). Ağna və axsa sözlərində də şəkilçi əyilməyə meyili ifadə etmək vəzifəsini yerinə yetirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAcı sözünün qədim mənalarından biri “ağrımaq” deməkdir və qaqauz dilində indi də qalmaqdadır: onlarda “aceer ayaam” – cümləsi ayağım ağrıyır anlamını əks etdirir. Halına acımaq sözü də məhz ağrımaq anlamını ifadə edir (onun halı məni ağrıdır). Ehtimal ki, haqqında danışdığım söz (acı) elə ağrı kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz yağı əridib içinə yumurta salmaq, sonra onu əzilmiş sarımsaq və qatıq qarışığının üstünə tökməklə alınan xörəyin adını bildirir. Belə ehtimal olunur ki, sözün kökü rəng bildirən ağ sözündən ibarətdir. Qayğanağı sarımsaqla qatığın içinə qarışdırdıqda qatıq ağ rəngini bir qədər itirir, ağımsov olur. -la şəkilçisi isə, güman ki, -layu şəkilçisinin dəyişmiş formasıdır. -layu şəkilçisi yalı sözündən əmələ gəlib, “kimi, sayağı” anlamlarını əks etdirir. Mənbələrdə aslan kimi yerinə aslanlayu sözü çox işlədilib. Bəzi türk dillərində ağsolaq sözü ağsıraq kimi işlədilir və rus dilinə “беловатый” kimi tərcümə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlkin mənası “halqa” deməkdir. İndi “qucaq” mənasında işlədilir (qolların arasına almaq). Türk mənşəli sözə oxşamır, güman edirəm ki, fars sözüdür. Bizdə onun yerinə qucaq, qoyun və s. işlədilir (ağuş kəlməsi daha çox poetik çəkiyə malikdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün mənası “yeni doğmuş heyvanın məmələrinin ağzına yığılmış sarı və yüksək kolorili süd, mayalanmaq südü” deməkdir. Bir ehtimala görə, məmənin ağzına yığıldığı üçün ağuz adlanır. Ağuzu bişirdikdə kətəməz adlanan yemək alınır. Kət sözünün mənası “birinci” deməkdir, “ilk süd” anlamını əks etdirir. Biləsuvar rayonunda ağuz yerinə, “kələkə” deyirlər. Kəlbəcərdə, Şahbuzda da kələkə sözü “kətəməz” mənasında işlədilir. Bu baxımdan kətəməz və kələkə sözlərini qohum hesab etmək mümkündür. İki gündən sonra ağuz yerinə, bulama əmələ gəlir, sonra isə adi süd meydana çıxır. İkinci və daha inandırıcı ehtimala görə, ağuz monqol sözüdür, mənası “sarı” deməkdir. Yumurta sarısına da “ağuz” (ovuz, ouz) deyiblər. “Saralmaq” mənasında ağuz olmaq tərkibi feili də qeydə alınıb. Qubadlıda ağuz olmaq feili “saralmaq” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti