Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAMƏHƏMMƏD azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Mahammad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar olan Ağaməhəmməd (bax: ad – AĞA; MƏHƏMMƏD) kişi adı çox yüksək, ali olan Məhəmməd anlamını ifadə edir. Həm Azərbaycanda, həm də İranda on beş əsrə yaxındır ki, oğlan övladlara verilən adlardandır. Adın təhrif olunmuş Ağaməmməd, Ağamməd formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Adın daşıyıcıları arasında XX əsrin görkəmli dilçi alimlərindən Ağaməmməd Abdullayevin (1892-1977) adını qeyd etmək yerinə düşərdi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAMİR azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. mir hissəciyinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Ağamir (bax: ad – AĞA; MİR) kişi adı hörmətli rəhbər, böyük əmir, başçı anlamını ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağamir bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAMİRZƏ azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və fars. mirza sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Ağamirzə (bax: ad – AĞA; MİRZƏ) kişi adı nüfuzlu savad sahibi anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağamirzə bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAMUSA azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Musa adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adlarından olan Ağamusa (bax: ad – AĞA; MUSA) kişi adı Musa Peyğəmbərin aliliyi ilə əlaqədardır. Adın daşıyıcıları arasında Bakı milyonçularından olmuş Ağamusa Nağıyev (1848-1919) Azərbaycanın vətənpərvər xeyriyyəçilərindən olmuşdur. Bu gün Bakı şəhərinin mərkəzini bəzəyən bir sıra binaları inşa etdirərkən materialları İtaliyadan, Rusiyadan, eləcə də Avropanın bir çox şəhərlərindən gətirtdirirdi. Bakıya Şollar su xəttinin çəkilməsinin pulunun bir hissəsini şəxsən ödəmiş, xalq üçün o zamana görə və bu gün də çox yaxşı sayılan və bu gün onun adını daşıyan böyük bir xəstəxana tikdirmişdi. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra A.M.Nağıyevin mülkiyyəti milliləşdirilmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti