Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NURİYƏ

ərəb. mürəkkəb adların tərkibində işlənən nur sözündəndir. Nuriyyə (bax: ad – NUR) qadın adı işığa aid, nurla əlaqədar, işıqla bağlı anlamlarındadır.

Dilimizin şəxs adları sistemində mövcud Nuriyyə qadın adı İslam dini ilə əlaqədardır. Məlum olduğu kimi, müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin, eləcə də onun ailə üzvlərinin, yaxınlarının adları geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Nuriyyə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızının Fatimənin (bax: ad – FATİMƏ) adı ilə bağlıdır. Onun həm də Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra kimi doqquz adı olduğu məlumdur. Dini rəvayətlərə əsasən, göylərdə Fatiməyə həm də Nuriyyə, Səmaviyyə (bax: ad – SƏMAYƏ), Haniyyə (bax: ad – ZƏHRA) də deyilmişdir. İslam dini ilə əlaqədar mənbələrdə qadın üçün ən ali cəhətləri birləşdirdiyi üçün hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş mənasını ifadə edən Fatimənin “Nuriyyə” adlandırılmasının onun gündə üç dəfə nurlu camalının həzrət Əli üçün cilvələnməsindən irəli gəlməsi ilə bağlı məlumatlara rast gəlinir. Başqa sözlə, Fatimənin nurlu çöhrəsi əmirəlmöminin Əli üçün sübh tezdən doğan Günəş, günorta nur saçan Ay və axşam parlaq ulduz kimi imiş. Hədislərdə də həzrət Əliyə istinadən qeyd edilir ki, mübarək ramazan ayında Ay səmada hilallaşanda (yəni on dörd günlük olanda) Fatimənin nuru ayın nurunu üstələyirmiş, yəni Fatimə evə girərkən ayın işığı yenidən aşkar olurmuş. Beləliklə, ərinə və övladlarına çox mehriban, qayğıkeş olduğu üçün xanım Fatimə Nuriyyə, eləcə də Haniyyə adlarını da almışdı. XX əsrdə məişətimizdə geniş yayılmış qadın adları sırasında olan Nuriyyə bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Hazırda adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti