al-xass sözündəndir, ali, yüksək, xüsusi, üstün, bənzərsiz, ali keyfiyyətlərə malik olan, ayrıca hala sahib olan mənasındadır.
Buna baxmayaraq, türk dillərində müxtəlif mənalarda işlədilir. Məsələn, çox şey arzulayan, nadinc, bərk tutan və s. Alxas şəxs adı ali, xüsusi, üstün keyfiyyətlərə malik olan (adam) mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiali sözündəndir. Ali (bax: ad – ƏLİ) adının Azərbaycan dilindəki variantıdır.
Əli adının ərəbcə tələffüzü daha çox Alıya yaxındır, bu gün də bir çox bölgələrimizdə Əli adı Alı kimi tələffüz olunur. Alı şəxs adı dastanlarımızda da yer almışdır. Hamısında da igid insanların adı kimi təqdim edilir. Etiraf etmək lazımdır ki, Alı adını eşidən kimi nədənsə ilk növbədə “Koroğlu” dastanı yada düşür. Dastanın birinci qolundan sonra Alı kişinin oğlu cəsur Rövşən “Koroğlu”, yəni kor kişinin oğlu adı ilə çağırılsa da, başqa sözlə, daha qəhrəmanın atası Alı kişinin adı çəkilməsə də, Alı adını eşidən kimi Koroğlunun atası xatırlanır. Mənbələrdə “al”, “alu” sözləri ilə əlaqələndirilir. Bəzi sözlərin qarşısında “al” işlənilməklə parlaqlıq ifadə olunur: alyanaqlı, alqırmızı və s. Bəzi dilçilərin fikrincə, aldatmaq feilinin əsasında duran “al” sözü də bədii ədəbiyyatda yalan, hiylə mənasındadır. Al ana bir mifoloji obraz kimi məlumdur. Alu, yəni alça sözü ilə də əlaqələndirilir. Məhz bu səbəbdən bir sıra mənbələrdə Alı şəxs adının albuxara, yəni Buxara gavalısı sözü ilə bağlılığı göstərilir. Alı şəxs adı ali, üstün olan mənasındadır. Alı kişi adı Azərbaycanda XX əsrin ortalarına qədər geniş yayılmış şəxs adlarından olmuşdur. Adın daşıyıcıları arasında XIX əsrdə aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmuş Aşıq Alının (1801-1911) şöhrəti hələ sağlığında Türkiyəyə, İrana, Dağıstan ellərinə yayılmışdı. XX əsrdə adın məşhur daşıyıcılarından “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatları laureatı, I Qarabağ müharibəsində ən qaynar nöqtələrdə reportajlar hazırlamaqdan çəkinməyən jurnalist Alı Mustafayevi (1952-1991) qeyd etmək olar. 20 noyabr 1991-ci ildə döyüş bölgələrinə növbəti reportaj hazırlamağa gedən fədakar jurnalistin olduğu hərbi vertolyot işğalçı erməni silahlıları tərəfindən vuruldu. Bir çox hökumət nümayəndələrinin də olduğu hərbi vertolyotda həlak olanlar arasında Alı Mustafayev də var idi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAlı adının oxşama, əzizləmə məzmunlu variantıdır.
Azərbaycan antroponimikasında -ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Ataş, Balaş, Nənəş və s. Alış adı da, ehtimal ki, bu yolla yaranmışdır. Beləliklə də müstəqil kişi adı kimi rəsmiləşmiş, sonradan məişətimizdə geniş yayılmışdır. Bəzi lüğətlərdə fars dilindəki alış sözü ilə, yəni almaq işi, almaqla bağlı, qəbul mənasında olduğu barədə fikirlərə də rast gəlinir. Bu fikirləri də tam kənar etmək olmaz. Soyad kimi də formalaşmışdır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alış bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialıçan sözü alışmaq feilindəndir, yəni od tutan, alışıb yanan mənasındadır.
Lakin bəzi mənbələrdə Alışan adının “ali” və “nişan” sözlərinin birləşməsindən yaranmış bir tituldan formalaşması kimi məlumatlara da rast gəlinir. Sonradan Alinişan adındakı -ni şəkilçisinin düşməsi səbəbindən adın Alış kimi formalaşdığı göstərilir. Ehtimal ki, bu fikirləri də tam kənar etmək olmaz. Bir məsələni də qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində parça adlarından formalaşmış antroponimlərə də rast gəlinir. Azərbaycanda VI-IX əsrlərdən başlayaraq XX əsrə qədər istehsal olunan məşhur parçalardan olan alaca parça növü xalq arasında həm də “al”, “ala”, “alışan” adı ilə tanınırdı. Əsasən yundan, ipəkdən toxunmuş bu parça növü kətan hörüklü, sıx toxunuşlu, möhkəm və davamlı qədim toxumalardandır. Adın parça adından olması ehtimalı da var. Çünki Alışan məişətimizdə qədim şəxs adları sırasındadır. Fikrimizcə, Alışan adının alışmaq feili ilə əlaqəsi daha inandırıcı görünür. Lakin adın parça adı ilə əlaqədar olması ehtimalını da tam inkar etmək olmaz. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alışan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialıçar sözündən, alışmaq (qeyri-qəti gəl. zam. ş.) feilindəndir, yəni od tutmaq, alışıb yanmaq mənasındadır.
Azərbaycan antroponimikasında feil kökünə qeyri-qəti gələcək zaman şəkilçisinin əlavə edilməsi ilə düzələn şəxs adları kifayət qədərdir. Məsələn, Gülər (bax: ad – GÜLƏR), Sevər (bax: ad – SEVƏR), Anar (bax: ad – ANAR) və s. Alışar da belə adlardandır. Alışar kişi adı hər an alışa bilər anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alışar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiali sözündəndir. Ali/Əli kişi adı uca, ali, ulu, yüksək mənasındadır. Əli antroponimi Həzrət Əli əleyhissəlamın adındandır.
İslamda xilafətin dördüncü xəlifəsi Əli ibn-Əbu Talib Rasiqi xəlifələrin dördüncü və axrıncısı, şiələrin isə birinci imamı olmuşdur. 651-ci ildə Xilafətə çatmış, 661-ci ildə ibn-Mülcəm tərəfindən öldürülmüşdür. İlk dəfə “Quran” ayələrində yazılan “Möminlərin başçısı” anlamını ifadə edən əmirələl-mömin fəxri adı şiələrin birinci imamı Əli ibn-Əbu Talibə məxsusdur. Künyələri Əbül-Həsən və Əbu Talibdir. Ləqəbi Əmirəlmöminin Əbu Turab, Heydər, Əsədullahdır. Kəbədə dünyaya gələn, birinci imam kimi qəbul edilən Əli Bədrdə Allahın Aslanı ləqəbini qazanmışdır. Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni, qızı Fatimənin əridir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, peyğəmbərin qızı və şərafətli ailədən olması səbəbiylə adlı-sanlı şəxslər Fatiməyə elçiliyə gəlir, lakin mənfi cavab alırdılar. Peyğəmbər onların cavabında belə buyurarmış: “Fatimənin işi Allahın əlindədir”. Peyğəmbər yalnız Fatimənin Əli ilə ailə qurmağa şəxsən razılıq verməsindən sonra bu nikaha xeir-duasını vermişdi. Bu gün də Əli kişi adı bir sıra türk xalqlarının dilində Ali formasındadır. Dilimizdə ali sözü mövcud olsa da, şəxs adı olaraq həmişə Əli şəklində olmuşdur. Əminliklə demək olar ki, VII əsrdən bəri Əli kişi adı dəbdən düşməmiş şəxs adlarındandır. Azərbaycan antroponimikasında həm də tərkibində Əli adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Qeyd etmək lazımdır ki, addan formalaşmış Əliyev, Əlizadə, Əlili soyadları da bu gün Azərbaycanda kəmiyyət etibarilə ən öndəgedən soyadlar arasındadır. Əli şəxs adı ilə əlaqədar Azərbaycanda kifayət qədər toponim də mövcuddur. Əlikənd, Əlimədədli, Əliyanlı, Əliuşağı, Əliyoxuşu və s. Slavyanlarda Əli adı Alik formasındadır. Bu gün də Türk antroponimik vahidlər sistemində mövcud, İslam dini ilə əlaqədar kişi adlarından olan, daha dəqiq, Həzrət Əlinin adı bütün Şərqdə, müsəlman dünyasında olduğu kimi, məişətimizdə də çox geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialid sözündəndir. Alid kişi adı tutulmuş, mübtəla olmuş, vurulmuş, məftun olmuş mənasını ifadə edən Alidə (bax: ad – ALİDƏ) qadın adından (sonuncu hərfin atılması yolu ilə) formalaşmışdır.
Azərbaycan antroponimikasında qafiyə xatirinə qoyulan adlar sırasındadır. Məlum olduğu kimi, məişətimizdə dünyaya göz açan övladlara mənasına fikir verilmədən həmqafiyə adlar verilməsi ənənəsinə bu gün də rast gəlinir. Alid də bu sıradan olan şəxs adlarındandır. Ailədə atanın, yaxud qardaşlardan birinin adı Xalid və ya Validdirsə, əksər hallarda dünyaya gələn uşağa Alid adı qoyulur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiƏli adı və Əli ... ilə başlayan mürəkkəb adların əzizləmə və oxşama məzmunlu formasıdır, rus dilinin təsiri ilə yaranmış kişi adıdır.
Sovet dövründə İslam dini ilə əlaqədar bir çox şəxs adlarının əksəriyyəti bilərəkdən ya təhrif olunur, ya dəyişdirilir, ya da rus dilinə yaxın işlədilirdi. Məsələn, rəsmi sənədlərdə Məhəmməd kişi adı təhrif olunaraq Mamed, Hüseyn kişi adı Useyn kimi dəyişdirilirdi, müvafiq olaraq soyadlar da Mamedov, Useynov kimi yazılırdı. Alik də Azərbaycan antroponimikasına bu yolla daxil olmuş kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialim sözü elmli mənasındadır. Hər hansı bir elm sahəsində mütəxəssis olan adam, biliyi çox, çox oxumuş, elmli (adam), hər şeyi ən incə nöqtəsinə qədər bilən, elmi əbədi və əzəli olan anlamını ifadə edir.
Məlum olduğu kimi, İslamda da, “Quran”da da elmli şəxslərə xüsusi hörmət, rəğbət aşılanır. Adın şəxs adı kimi formalaşmasında bu amillərin xüsusi əhəmiyyəti olmuşdur. İslam dinində Allahın məlum 99 adından biri də əl-Alimdir. Bu gün də Azərbaycanda Alim adını daşıyan kifayət qədər adama təsadüf edilir. Lakin Alimov soyadına çox nadir hallarda rast gəlinir. Hazırda Orta Asiya respublikalarında, eləcə də Rusiyada, xüsusən Rusiya Federasiyasının türk mənşəli xalqlarının yaşadığı ərazilərdə, məsələn, Tatarıstan Respublikasında, Dağıstan vilayətində və s. həm Alim adı, həm də addan formalaşmış soyadlar geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəmr şəklində olan iki feilin - al və qayıt feillərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Alqayıt al, geri qayıt anlamına gəlir.
Bu gün Alqayıt kişi adı məişətimizdə elə də geniş yayılmamışdır. Adın daşıyıcılarından Azərbaycanda el şairi kimi məşhurlaşmış Alqayıt Xəlilov (1941-2013) xalq şeiri üslubunda yazdığı lirik əsərləri ilə xalqın ürəyinə yol tapa bilmişdi.
Azərbaycan şəxs adlarının izahlı lüğəti