Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İBAD ərəb.

abd sözünün cəmidir. Azərbaycan antroponimikasında qul, kölə mənasını ifadə edən abd/əbdsözü ilə başlayankifayət qədər kişi adı mövcuddur (bax: ad – ABDI; ABDULLA; ƏB- DÜL).

Ərəb dilində İbad əbd sözünün cəmi olub, qullar, bəndələr, kölələr anlamlarını ifadə edir. İbad məişətimizdə geniş yayılmış kişi adlarındandır. Danışıqda İbadət, İbadulla adlarının qısaldılmış formasıdır. Bu gün dilimizdə İbad kişi adından formalaşmış İbadov, İbadzadə, İbadlı soyadları da kifayət qədərdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İBADULLA ərəb.

İbad və mürəkkəb adların tərkibində işlənən Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində İbadullah (bax: ad – İBAD; ÜLLAH) olan kişi adı Allahın qulları, bəndələri, kölələri anlamlarını ifadə edir.

Adın təhrif olunmuş forması İbadulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız İbadulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İBRAHİM

ibrani. İbrahim yəhudilərin peyğəmbəri Avraamın ərəbcələşdirilmiş formasıdır. Dilmizdə böyük ata, xalqların atası, həqiqətlərin atası anlamlarını ifadə edir.

Dünyanın əksər xalqlarının dillərində işlənən şəxs adlarındandır. Bir çox xalqların dillərində Abraham, Abrahams, bəzilərində isə Avram, Avraam, Avraamiy və s. formalarda işlənir. Müxtəlif dillərdə müxtəlif cür səslənir. Adəmdən sonra məhz İbrahim bəşəriyyətin, bəşər övladlarının atası adını almışdır. İslam dinində İbrahim ən böyük peyğəmbərlərdən dördüncüsüdür. Ululəzm peyğəmbərlərdəndir, yəni İslam terminologiyasında beş əsas əzəmət sahibi peyğəmbərlərdən birinin adıdır. Müqəddəs kitablar olan “Quran”da və “Bibliya”da (Avraam) adı çəkilən İbrahim Peyğəmbər haqqında bir çox əfsanə və rəvayətlər də məlumdur. İslamda İbrahim Peyğəmbər Allahın elçisi kimi də məşhurdur. Din tarixində İbrahim Peyğəmbər (ə.s.) oğlu

İsmayılı Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Bu mərasim İslam dinində vacib sayılıb və hər il həcc ziyarətinə gedən zəvvarlar Mina dağı ətəklərində, eləcə də dünya müsəlmanlarının yaşadıqları ölkələrdə qurbanlar kəsiblər. Adın daşıyıcılarından olan tarixçi, şair Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov (1816–1869) Gəncə mədrəsəsində təhsil almış, ərəb, fars dillərini və İslam elmlərini öyrənmişdir. Axund Molla Hüseyndən təlim almışdır. Sonralar Mirzə Fətəli Axundov da bu müdərrisdən təlim almışdır. Məşhur “Divan-i Hikmət” məclisinin Gəncə dönəminin toplantıları bəzən onun evində keçirilmişdir. Şeirlərini “Qüdsi”, “Şeyx” və “Naseh” təxəllüsləri ilə yazmışdır. İbrahim adı məişətimizdə geniş yayılmış adlar sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İBRAHİMXƏLİL

ibrani. İbrahim və ərəb. Xalil adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İbrahimxəlil (bax: ad – İBRAHİM; XƏLİL) kişi adı dost İbrahim, sevimli İbrahim, İbrahim Allahın dostudur anlamlarını ifadə edir.

 

Dini əfsanələrə görə, yəhudi peyğəmbərlərdən sayılır. Bütpərəstlik əleyhinə təbliğat apardığı və bütxanalardakı bütləri sındırdığı üçün Babil hökmdarı I Nəmrud İbrahimxəlili oda atmağı əmr etmişdi. Onu oda atsalar da, od onu yandırmamışdı. Əksinə, od qalanan yerdə çox gözəl, güllü-çiçəkli bir bağça yaranır. Məişətimizdə bu gün geniş yayılmış kişi adlarından olmasa da, adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın daşıyıcılarından Qarabağ hakimi İbrahimxəlil xan (1726-1806) Şuşa yaxınlığında doğulmuşdur. Onun Qarabağda hakimlik dövrü 1759-1806-cı illərə təsadüf edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti