Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İBRAHİM

ibrani. İbrahim yəhudilərin peyğəmbəri Avraamın ərəbcələşdirilmiş formasıdır. Dilmizdə böyük ata, xalqların atası, həqiqətlərin atası anlamlarını ifadə edir.

Dünyanın əksər xalqlarının dillərində işlənən şəxs adlarındandır. Bir çox xalqların dillərində Abraham, Abrahams, bəzilərində isə Avram, Avraam, Avraamiy və s. formalarda işlənir. Müxtəlif dillərdə müxtəlif cür səslənir. Adəmdən sonra məhz İbrahim bəşəriyyətin, bəşər övladlarının atası adını almışdır. İslam dinində İbrahim ən böyük peyğəmbərlərdən dördüncüsüdür. Ululəzm peyğəmbərlərdəndir, yəni İslam terminologiyasında beş əsas əzəmət sahibi peyğəmbərlərdən birinin adıdır. Müqəddəs kitablar olan “Quran”da və “Bibliya”da (Avraam) adı çəkilən İbrahim Peyğəmbər haqqında bir çox əfsanə və rəvayətlər də məlumdur. İslamda İbrahim Peyğəmbər Allahın elçisi kimi də məşhurdur. Din tarixində İbrahim Peyğəmbər (ə.s.) oğlu

İsmayılı Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Bu mərasim İslam dinində vacib sayılıb və hər il həcc ziyarətinə gedən zəvvarlar Mina dağı ətəklərində, eləcə də dünya müsəlmanlarının yaşadıqları ölkələrdə qurbanlar kəsiblər. Adın daşıyıcılarından olan tarixçi, şair Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov (1816–1869) Gəncə mədrəsəsində təhsil almış, ərəb, fars dillərini və İslam elmlərini öyrənmişdir. Axund Molla Hüseyndən təlim almışdır. Sonralar Mirzə Fətəli Axundov da bu müdərrisdən təlim almışdır. Məşhur “Divan-i Hikmət” məclisinin Gəncə dönəminin toplantıları bəzən onun evində keçirilmişdir. Şeirlərini “Qüdsi”, “Şeyx” və “Naseh” təxəllüsləri ilə yazmışdır. İbrahim adı məişətimizdə geniş yayılmış adlar sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti