Reklam
Reklam

Məsəllər, deyimlər

İSGƏNDƏRİN BUYNUZU VAR...

►Gizli saxlanan sirrin əvvəl-axır faş olunacağını bildirən ifadə.

İfadə xalq arasında Makedoniyalı İsgəndərlə bağlı yayılmış maraqlı bir əhvalatdan qaynaqlanır.

Rəvayətə görə, guya Makedoniyalı İsgəndərin buynuzu var imiş və bu sirri İsgəndərin şəxsi dəlləyindən başqa heç kəs bilmirmiş. Dəllək həmin sirri uzun müddət ürəyində saxlayır, lakin sirr onun qəlbini deşdiyindən bir adama söyləmək ehtiyacı duyur. İsgəndərdən qorxduğu üçün bu sirri heç kəsə aça bilmirmiş. Axırda əlacı kəsilir, ürəyini boşaltmaq üçün çöldə istifadəsiz qalmış bir quyunun kənarına gəlib ağzını quyuya tutaraq deyir:

– İsgəndərin buynuzu var, buynuzu...

Bu hadisədən bir müddət keçir, İsgəndər öz qoşunları ilə səfərdən qayıdarkən bir çobanın quyu kənarında oturub tütək çaldığını görür. Tütəkdən «İsgəndərin buynuzu var, buynuzu...» sözləri açıq eşidilir. İsgəndər bərk qəzəblənir, təəccüblə çobandan bu işin səbəbini soruşur. Çoban çaldığı tütəyi qarşısındakı quyunun kənarında bitən qamışdan düzəltdiyini söyləyir. İsgəndər quyu kənarındakı qamışdan özü bir tütək qayırıb çalır və çobanın düz dediyini yəqin edir. Sonra o, dəlləyi yanına çağırıb dindirir. Dəllək əhvalatı olduğu kimi danışır və İsgəndər dünyada sirr gizlətməyin çox çətin olduğunu başa düşür.

Hәmin rәvayәtlә әlaqәdar dilimizdә «Buynuzum yoxdur ki», «Buynuz çıxarmamışam ki» ifadәlәri də meydana gәlmişdir.

Məsəllər, deyimlər

İŞLƏMƏYƏN DİŞLƏMƏZ

►Yaxşı güzəran və firavanlıq üçün zəhmət çəkməyin, əməyə qatlaşmağın vacibliyini vurğulayan ifadə.

İfadə xristian dininin təbliği ilə bağlı bir rəvayətdən qaynaqlanır.

Həmin rəvayətə görə, İsa peyğəmbərin həvarilərindən biri olan Pavel xristianlığı təbliğ etmək üçün Makedoniyanın Fessaloniki (indiki Saloniki) şəhərinə gəlir. İnsanlar həvarinin İsa haqqında moizələrinə qulaq asıb Allahın oğlunun göstərdiyi möcüzələrə və onun yenidən zühur edəcəyinə inanırlar. Pavel getdikdən sonra dindarlar iş-güclərini atıb qiyamət gününü gözləməyə başlayırlar. Onda Pavel fessalonikililərə ikinci dəfə bu sözlərlə müraciət edir:

«…Biz heç kimin çörəyini havayı yemədik, zəhmətə qatlaşdıq, heç kimə yük olmamaq üçün gecə-gündüz işlədik, – ona görə yox ki hökmümüz çatmırdı, ona görə ki özünüzü bizə bənzətmək üçün sizə nümunə göstərdik. Biz sizdə olanda bunu nəsihət etdik: kim işləmək istəmirsə, o da yemir. Amma eşidirik ki, bəziləriniz işlərini atıb, zəhmət çəkmək istəmir, vurnuxur. Belələrini inandırırıq ki, sakit-sakit işləyib öz çörəklərini yesinlər».

Bu atalar sözünün SSRİ dönəmində V.İ.Leninə aid olduğunu deyirdilər, çünki onun 1918-ci ilin mayında dərc olunmuş «Aclıq haqqında» məqaləsində belə bir cümlə işlənmişdi: «Kim işləmirsə, o da yemir». Burada maraqlı məqam odur ki, dinin qatı düşməni olan Lenin həmin ifadəni xristianlığın müqəddəs kitabı «İncil»dən götürmüşdür.

Məsəllər, deyimlər

İŞTAH DİŞ ALTINDADIR

►İnsanın bir tələbatı ödəndikcə, marağı təmin olunduqca tədricən əlavə istəklərinin ortaya çıxdığını, həvəsləndiyini istehza ilə bildirən ifadə.

İfadənin bir çox dillərə fransız yazıçısı F.Rablenin (1494–1553) «Qarqantua və Pantaqruel» (1532) əsərindən sonra yayıldığı ehtimal edilir.

Böyük yazıçı, İntibah dövrünün görkəmli nümayəndəsi Fransua Rable adıçəkilən romanında Fransa həyatının eybəcərliklərini, cəmiyyətin bütün sosial qatlarındakı ağır mənəvi mənzərəni kəskin satira atəşinə tutmuşdur. Köhnə qaydaları, o cümlədən insan xarakterindəki idarəçiliyi, tərbiyə və məhkəmə sistemindəki naqislikləri tənqid edən F.Rable baş qəhrəmanın bitib-tükənməyən istəklərindən də danışır və «iştah diş altındadır» ifadəsini işlədir.

Romanın çapından sonra bu ifadə məşhurlaşaraq Avropada geniş yayılır. Müəyyən hərəkət nəticəsində insanın hər hansı bir marağı və ya tələbatı ödənirsə, o həvəslənərək başqa şeylər də istəyir. Məhz situasiya «iştah diş altındadır» birləşməsi ilə ifadə olunur. Başqa bir iddiaya görə, bu ifadənin əsl müəllifi Fransanın Le-Man şəhərinin yepiskopu, 1538-ci ildə vəfat etmiş Jerom Manskidir. Fərziyyəyə görə F.Rable gözəl natiq və polemikalar ustası J.Manskidən sonra həmin ifadəni öz əsərinə daxil etmişdir.

Dilimizdə bu ifadənin qarşılığı kimi «Allah verdikcə bəndə gümana gəlir», «Ağzında şirə qalmaq» deyimləri işlənir.

Məsəllər, deyimlər

İT İLİ

►Lap çoxdan, qədim, yaddan çıxmış, unudulmuş köhnə vaxtı, keçmiş zamanı bildirmək məqsədilə işlədilən ifadə.

İfadə qədim türk xalqlarının illəri hesablama təqvimi ilə bağlı yaranmışdır.

Mәlum olduğu kimi, VII–XV әsrlәrdә türk qәbilәləri vaxtı 12 illik heyvan siklindәn istifadә edərək hesablayırdılar. Vaxtın belә hesablanması indi dә Şәrq vә Orta Asiyanın bir çox xalqlarında qalmaqdadır. Hәr on iki ildәn bir sikl yenidәn başlanır. Bu barədə XI әsrdә yaşamış vә «türkologiyanın bahadırı» hesab olunan Mahmud Kaşğarinin (1029–1101) verdiyi mәlumat maraqlıdır:

«Türklәr on iki heyvan adını on iki ilә vermişlәr. Doğulma, müharibә və başqa tarixlәri bu illәr üzrә һesablayırlar. Bu adətin yaranması belә olmuşdur: türk xaqanlarından biri özündәn әvvәl baş vermiş bir müharibә ilә maraqlanır, lakin onun tarixi haqqında yanlış mәlumat alır. Odur ki xaqan öz qövmü ilә belә məslәhәtlәşir: «Biz bu tarixi yada salanda sәhv etdiyimiz kimi, bizdәn sonrakılar da sәhv edәcәklәr. Odur ki biz on iki ay vә göydәki on iki bürcә әsaslanaraq on iki ilә ad qoyaq, ta ki bizdәn sonra bu illәr belә adlansın vә bizdәn әbәdi yadigar qalsın».

Xaqan ova çıxdı vә adamlarına vəhşi heyvanları İla çayına tərәf qovmağı tapşırdı. Çaya tәrәf qovulan heyvanlar gәlib çaydan keçmәyә başladılar. Әvvəl sudan siçan keçdi. Odur ki sikl siçan ilә başlanır. Sonra başqaları keçdiyi tәrtibdә illәr sıralandı».

«İt ili» ifadәsi ilә eyni mәnada (qәdim, unudulmuş vaxt) işlәnәn «Nuh әyyamı» («Nuh әyyamından qalma») ifadәsi kontaminasiya nәticәsindә birlәşәrək «it әyyamı» tәrkibinin yaranmasına sәbәb olmuşdur.

Məsəllər, deyimlər

İUDA ÖPÜŞÜ

►Riyakarlığı, ikiüzlülüyü, sevgi və dostluq pərdəsi arxasında gizlədilən xəyanətkar hərəkəti bildirmək üçün işlədilən ifadə.

İfadə İsa peyğəmbərin həvarilərindən biri olmuş, lakin öz müəlliminə xəyanət etmiş İudanın adı ilə bağlıdır.

«İncil» rəvayətlərinə görə, İsa Məsihin 12 ardıcılı və şagirdi – həvarisi var idi. Yəhudilərin baş ruhaniləri İsanı öldürmək istəyirdilər, lakin onu üzdən tanımaq çətin idi. Buna görə də peyğəmbərin şagirdlərdən biri olan İuda İskariotu ələ alırlar. İuda müəyyən məbləğ qarşılığında öz müəllimini ələ verməyə razılaşır. Taleyin istehzası budur ki, göstərəcəyi «xidmət»in müqabilində İudaya o dövr üçün çox da böyük məbləğ olmayan 30 gümüş pul vəd edirlər.

Rəvayətdə deyilir ki, bu xəyanətkar sövdələşmədən sonra İuda gözətçiləri İsanın olduğu Hefsiman bağına gətirdi və silahlılara dedi: «Kimi öpsəm, İsa odur, onu da tutun». Bundan sonra o, İsaya yaxınlaşdı və «Sevin, müəllim» deyərək onu öpdü. Mühafizəçilər hücum çəkərək İsa Məsihi həbs etdilər və sonra çarmıxa çəkdilər. Beləliklə, İuda adı bütün dövrlərdə xəyanətin, «İuda öpüşü» isə riyakar hərəkətlərin rəmzi oldu.

Bu gün də kiminsə yalan gülüşü, saxtakar münasibəti, riyakar mehribanlığı müşahidə olunanda «İuda öpüşü» ifadəsi yada düşür.

Məsəllər, deyimlər

KARFAGEN MƏHV EDİLMƏLİDİR

►Daim öz dediyini deməyi, söhbət və ya müzakirənin ümumi mövzusundan asılı olmayaraq davamlı şəkildə eyni bir məsələyə qayıtmağı və hər dəfə onu inadla təkrarlamağı istehza ilə bildirən ifadə.

Bu məşhur latın zərbi-məsəli şöhrətli Roma sərkərdəsi Katonun adı ilə bağlıdır.

Qədim yunan bioqrafı Plutarxın «Böyük Katonun həyatı» əsərində qeyd olunur ki, Roma sərkərdəsi və dövlət xadimi Katon ölkə üçün təhlükə mənbəyi saydığı Karfagenin barışmaz düşməni olmuşdur. O, senatda mövzusundan asılı olmayaraq bütün nitqlərini «Bundan əlavə, mən fikirləşirəm ki, Karfagen mütləq məhv edilməlidir» ifadəsi ilə bitirirmiş. Bir çox qədim mənbələrdə bu ifadənin müxtəlif formalarına rast gəlmək mümkündür.

Həmin dövrdə Roma Finikiya şəhər-dövləti Karfagenlə Aralıq dənizində hökmranlıq uğrunda mübarizə aparırdı. 1-ci və 2-ci Pun müharibələrindəki müvəffəqiyyətlərinə baxmayaraq romalılar sonradan bir sıra ağır məğlubiyyətə uğramışdılar və Karfagenin yenə dirçəlməsindən qorxurdular. Çünki bu dirçəliş düşmənin tam qələbəsinə və bütün itkilərin geri qaytarılmasına gətirib çıxara bilərdi. Həm də Karfagen tez bərpa olunur və əvvəlki kimi Roma ticarətinə əhəmiyyətli dərəcədə rəqabət yaradırdı.

Nəhayət, 3-cü Pun müharibəsində Roma həlledici qələbə qazanır; yarımmilyonluq Karfagen şəhəri tamamilə dağıdılır, əhalinin sağ qalan hissəsi kölə kimi satılır. Şəhərin yerləşdiyi əraziyə duz səpilir. Lakin sonralar Roma Afrikasının əsas şəhəri olan və ərəb istilasına qədər imperiyanın iri şəhərlərindən biri olan Karfagendə romalılar yenidən məskunlaşırlar. Qədim Karfagenin yerləşdiyi məkan hazırda Tunisin yaxınlığında yerləşir.

Əsrlər ötsə də, çox şəhərlər dağılıb-qurulsa da, Katonun bu ifadəsi az qala bütün dünyada zərbi-məsəl kimi işlədilir.

Məsəllər, deyimlər

KARIN KÖNLÜNDƏKİ

►Şəraitdən asılı olmayaraq yalnız əvvəlcədən öz beynində tutduğu niyyət haqqında düşünən və buna uyğun hərəkət edən insanlar barəsində işlədilən ifadə.

Məsəlin yaranması xalq arasında yayılmış bir əhvalatla bağlıdır.

Bir xəstəni yoluxmağa gedən kar adam qulağının ağır eşitdiyini nəzərə alaraq əvvəlcədən verəcəyi sualları və təqribən alacağı cavabları fikirləşib öz-özünə düşünür: «Mən xəstədən birinci özünü necə hiss etdiyini soruşacağam. Yəqin ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyəcək. Mən cavabında: «Olsun-olsun, şükür Allaha, bəs sənin yanına hansı həkim gəlib-gedir?» – deməliyəm. Sözsüz ki, o, həkimin adını çəkərkən mən: «Qədəmi xoş olsun, əli yüngül olsun!» – deməliyəm. Sonra iştahasından söhbət salıb hansı xörəyi ürəyi istədiyini soruşmalıyam. O, xörəyin adını çəkən kimi «nuşcanın olsun» deyib söhbəti qurtararaq xudahafizləşib evə qayıdaram».

Kar öz aləmində bunları fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır. Salam verdikdən sonra soruşur:

− Ay qardaş, olmasın azar, necəsən?

Xəstə ağrıdan üz-gözünü turşudub deyir:

− Ölürəm, ay dost, deyəsən, vaxtım çatıb!

Kar üzündə şadlıq əlaməti yaradıb tez deyir:

− Olsun, olsun, əzizim. Allaha şükür. Bəs yanına hansı həkim gəlib-gedir?

Xəstə gözləmədiyi bu sözlərdən daha da acıqlanıb deyir:

− Kim gələcək, Əzrayıl!

− Ayağı yüngül olsun, − deyə kar növbəti sualını verir. – Bəs nə yeyirsən?

Əsəbiləşib özündən çıxmış xəstə cavab verir:

− Zəhrimar, nə yeyəcəyəm?!

Kar «Nuşcanın olsun» deyib öz vəzifəsini bitmiş hesab edərək tez xudahafizləşib xəstənin yanından çıxır və beləliklə, öz könlündə tutduğu fikirlərlə hərəkət edərək həm özünü gülünc vəziyyətə salır, həm də xəstəni əsəbiləşdirir.

Məsəllər, deyimlər