Reklam
Reklam

Məsəllər, deyimlər

ZAHİDİN BİR BARMAĞIN KƏSSƏN, DÖNÜB HAQDAN QAÇAR...

Başqalarının qanunu pozduğuna görə cəzalandırılmasını tələb edənlərin oxşar vəziyyətə düşdükdə özlərinin haqdan və qanundan qaçdıqlarını bildirən ifadə.

İfadə böyük Azərbaycan şairi İ.Nəsiminin qətli zamanı baş vermiş bir məqam haqqında el arasında yayılmış rəvayətdən yaranmışdır.

Azərbaycanın qüdrətli şairi İmadəddin Nəsimi din və mövhumata, din xadimlərinə qarşı üsyankar şeirləri ilə çıxış etdiyindən irticaçılar onu «kafir» adlandırıb ən şiddətli cəza ilə, yəni diri-diri dərisini soyub dabanından çıxarmaq yolu ilə öldürməyə qərar verirlər.

Şairin bu üsulla öldürülməsinə hökm vermiş müfti (baş molla, zahid) «onun qanından bir damla haraya sıçrayarsa, o yeri kökündən kəsib atmaq lazımdır» deyə fitva verir. Hökmün icrası zamanı Nəsiminin qanından bir damla təsadüfən həmin mollanın barmağına düşür. Lakin canını məsləkindən və fərmanından üstün tutan molla müxtəlif bəhanələrlə öz fitvasını ləğv edir.

Diri-diri dərisi soyulduğuna baxmayaraq öz mərdliyini və hazırcavablıq qabiliyyətini itirməmiş Nəsimi bu zaman belə deyir:

«Zahidin bir barmağın kəssən, dönüb haqdan qaçar,

Gər bu miskin aşiqi sərpa soyarlar, ağrımaz!»

İfadənin meydana çıxmasından əsrlər keçməsinə baxmayaraq onun əks etdirdiyi məna bu gün də öz aktuallığını saxlayır.

Məsəllər, deyimlər

ZƏNCİRVARi REAKSİYA

►Nəzarətdən çıxmış vəziyyəti, idarə olunmayan və qarşısıalınmaz hər hansı prosesi bildirən ifadə.

İfadə ötən əsrdə atom-nüvə fizikasının inkişafı ilə bağlı yaranmışdır.

Alimlərin ilk dəfə təxminən yarım əsr bundan əvvəl bir terminoloji vahid kimi işlətdikləri bu anlayış davamlı və ardıcıl kimyəvi reaksiyaları ifadə edirdi. Daha sonra Enriko Fermi (1901–1954) kimi alimlərin xidmətləri sayəsində nüvə fizikasının yaranması və inkişafı ilə yeni termin ortaya çıxdı: «zəncirvari nüvə reaksiyası» – atom nüvələrinin müstəqil bölünməsi.

Bir neçə onillik ərzində bu termini öz həqiqi mənasında kimyaçılar işlədirdi. Amma nüvə bombasının ilk partlayışından sonra insanlar zəncirvarı nüvə reaksiyası haqqında danışmağa başladılar, çünki o, insanların həyatı üçün çox ciddi təhlükə yaradırdı. Tezliklə bu söz birləşməsi məşhurlaşdı, sonra isə frazeoloji birləşməyə çevrilərək məcazi məna aldı.

Bu gün «zəncirvari reaksiya» ifadəsi müstəqil davam edən, yaxud insanın üzərində nəzarəti itirdiyi istənilən prosesi, sel, yaxud meşə yanğını kimi böyüyüb yayılan qarşısıalınmaz hərəkətləri təsvir eləmək üçün işlədilir.

Bu yolla biz dildə maraqlı hal müşahidə edə bilərik: heç kimə məlum olmayan sözlər, ifadələr məşhurlaşmış, elliklə istifadə olunmağa başlamış, bir sözlə, onların «zəncirvari reaksiyası» yaranmışdır.

Məsəllər, deyimlər

ZOLUŞKA (KÜLLÜCƏ) SİNDROMU

►Daim xoşbəxtliyə can atan, ağ atlı şahzadə gözləyən romantik qızların real həyatla deyil, xəyallarla yaşadığını bildirən ifadə.

İfadə rus xalq nağılındakı kimsəsiz, amma bəxti gətirən Zoluşkanın adı ilə bağlı yaranıb yayılmışdır.

Adətən, yeniyetmə qızlar Zoluşka haqqında nağılı çox xoşlayırlar. Balaca, ciddi, mehriban qızcığazın gözəl şahzadəyə çevrilməsi, ağ atlı şahzadənin peyda olub bütün çətinliklərini aradan qaldırması və onunla evlənməsi romantik qızların fantaziyalarla yaşamasına səbəb olur.

Bəzi qızlar uzun illər nağıldakı kimi şahzadə arzulayır, bu ümidlə yaşayır və gözləməkdə davam edirlər. Adətən, özlərini mülayim və ciddi aparırlar. Uşaqlıqda bu qızların qayğılarına qalır, həddən artıq qoruyub hər şeyi onlar üçün yoluna qoyurlar. Belə qızların həyatları onların özlərinə aid olmur, çünki onlar üçün hər şeyi valideynləri, dostları, müəllimləri həll edirlər. Ən az məsuliyyətli iş seçirlər ki, xəyal qurmaq üçün çox vaxtları qalsın. Onlar çoxlu sevgi romanları oxuyur və öz həyatlarının da bu sevgi süjetlərinə oxşamasını arzulayırlar.

Zoluşka sindromu olan qızlar tez aşiq olur, özü də xasiyyət və uyğunluğa görə deyil, sadəcə onlara diqqət yetirən oğlanları seçirlər. Çox zaman belə münasibətlərdən heç nə çıxmır və Zoluşka – qız real həyatın gözəllikləri və sevincini əlindən qaçıraraq öz xəyallarında yaşamağa davam edir.

Məsəllər, deyimlər

ZÜMRÜD QUŞU

►Əbədi dirilmənin və xilaskarlığın rəmzi kimi işlədilən ifadə.

İfadə nağıl və dastanlarda haqqında xilaskar kimi bəhs edilən Zümrüd quşunun adından qaynaqlanır.

Bu quş Şәrq xalqlarının folklorunda dara düşmüş insanların vә heyvanların kömәyinә çatan çox güclü vә әfsanәvi bir varlıqdır. Qәdim әsatirlәrә görә, Elbrus dağında yaşayır. Bәzi mәnbәlәrdә bu nәhәng vә әfsanәvi quşa Әnqa (vә ya Ünqa) deyilir. Nisbәtәn sonrakı mәnbәlәrdә Simurq (vә ya Әnqa//Ünqa) quşunun mәskәni Qaf dağı hesab olunmuşdur. Mahmud Kaşğari göstәrir ki, әcәmlәrdә Simurq adlandırılan quşa әrәblәr Әnqa, türklәr isә Toğrul deyirlәr. Toğrul isә bir yabanı quş imiş ki, hәr dәfә min qaz öldürüb birini yeyәrmiş.

Bәzәn obrazlı şәkildә «quşların şahı» da adlandırılan Zümrüd – qədim misirlilərin müqəddəs quşudur. Misir mifologiyasına görə, hər 500 ildən bir Zümrüd quşu Misirə Ra adlı günəş tanrısının məbədinə uçarmış, orada onu yandırarmışlar, lakin o, qırxıncı gündə yenidən külün içindən dirilər və Hindistana uçarmış. Digər əfsanəyə görə, Zümrüd quşu qocalanda özünü tonqalda yandırarmış və külün içindən cavan çıxarmış. Ona görə də sonralar Zümrüd quşu əbədi vaxtın, yeniləşmənin və dirilmənin rəmzi oldu. Roma imperiyası dövründə o, Romanın toxunulmazlıq, xristianlıqda isə Məsihin dirilməsi rəmzi oldu.

Bəzən «Zümrüd quşu» ifadəsi qeyri-adi, müstəsna olan bir şeyi təyin etmək məqamında da işlənir.

Məsəllər, deyimlər