Reklam
Reklam

Məsəllər, deyimlər

MALBRUK SƏFƏRƏ HAZIRLAŞIR

►Adətən, uğursuz olacağı əvvəlcədən bilinən səfərə çıxan lovğa, təkəbbürlü, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adamlar haqqında kinayə ilə işlədilən ifadə.

İfadə Avropada diplomat və sərkərdə kimi məşhur olmuş Malbrukun adı ilə bağlı yaranmışdır.

Əslində, ifadə XVIII əsrdə ingilis hersoqu Con Çörçil Malboro (fransızlarda: Malbruk) haqqında yazılmış bir fransız mahnısının ilk sətridir. Mahnıda qadının öz müharibəyə getmiş ərini gözləməsindən bəhs edilir. Vaxt keçir və nəhayət, poçtalyon Malbrukun öldürülməsi haqqında xəbər gətirir. Poçtalyon həm də qadına təsəlli vermək üçün zabitlərin öz komandirlərini son mənzilə necə yola salmasından danışır, zabitlərin onun zirehini, qalxanını, uzun qılıncını necə aparmalarından bəhs edir.

1812-ci ildə Vətən müharibəsi zamanı Malbruk haqqında mahnı rus dilinə tərcümə olundu və Rusiyada çox məşhurlaşdı. Lakin rus variantında mahnının mətni çox dəyişdirilmişdi: orada döyüşdə deyil, qorxudan ölən sərkərdədən danışılırdı, təbii ki, bu variant Napoleona qarşı yönəlmişdi.

Getdikcə «Malbruk səfərə hazırlaşır» ifadəsi məcazi məna aldı: ya lovğa, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adam haqqında, ya da harasa getməyə, haranısa «fəth etməyə» hazırlaşan, amma bunun uğursuz olacağını əvvəlcədən bilən insana münasibətdə kinayə ilə işlədilir.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

MARAFON QAÇIŞI

►Uzaq və əzab-əziyyətli yola çıxmağa, perspektivli bir işə başlamağa münasibətdə işlədilən ifadə.

Lüğəti mənasına görə uzaq mәsafәyә qaçışı bildirən ifadə 25 әsr әvvәl baş vermiş yunan-İran müharibәsi zamanı bir döyüşçünün qeyri-adi şücaəti ilə əlaqәdar yaranmışdır.

O dövrdə Yunanıstan bir sıra kiçik şәhәr-dövlәtlәrdәn ibarәt idi. Qüdrәtli İran hökmdarı Dara hәmin şәhәrlәrә qoşun yeritmiş, elçilәr göndәrәrәk onların tabe olmalarını tәlәb etmişdi. Afinada vә Spartada Daranın elçilәrini quyuya tullamışdılar. Bunu eşidәn İran ordusu Marafon çölündә Ellada qoşunları ilә döyüşə başlamışdı. E.ә. 490-cı ildә baş vermiş hәmin döyüşdә sayca iranlılardan az olan, qat-qat pis silahlanan yunanlar qәlәbә çalmışdılar.

Yunan qoşununda cәld qaçmaq qabiliyyәti ilә fәrqlәnәn Fidippid adlı döyüşçü nәfәs dәrmәdәn 42,5 kilometr qaçıb Afinanın mәrkәzi şәhәr meydançasına çataraq sevinclә «qәlәbә» deyә qışqırmış, sonra ürəyi partlamışdı. Sən demə, döyüş әrәfәsindә Fidippid müttәfiqlәrdәn kömәk istəmək üçün Afinadan Spartaya vә oradan da geriyə, özü dә üstündəki silahlarını çıxarmadan qaçmalı olmuşdu. Әsasәn, dağ aşırımlarından ibarәt bu yolda o, təxminən 200 km mәsafә qәt etmişdi. Afinaya qayıdandan sonra isә iranlılara qarşı әlbәyaxa döyüşlәrdә iştirak etmәli olmuşdu.

Fidippidin sonuncu qaçışını xatirәlәrdә әbәdilәşdirmәk üçün «Marafon qaçışı» ifadəsi yarandı. Afinanın şimal-şәrqindә olan düzәnlikdә isə sonralar Marafon şәhәri salınmışdı.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

MAVR ÖZ İŞİNİ GÖRDÜ, MAVR GEDƏ BİLƏR

►İnsana istehlakçı münasibəti, hər hansı insanın əməyindən öz məqsədi üçün istifadə edib sonra ona «daha gərək deyilsən» deyərək taleyin ümidinə buraxmağı bildirən ifadə.

İfadə böyük alman ədibi Fridrix Şillerin (1759–1805) «Genuyada Fiesko qəsdi. Respublika faciəsi» pyesindən (1783) qaynaqlanaraq yayılmışdır.

Həmin pyes 1547-ci ildə Genuyada baş vermiş real hadisələr əsasında yazılmışdır. Bu məşhur ifadə həmin pyesin personajlarından olan mavr Muley Həsənin dilindən səslənir. O, həyatını təhlükəyə ataraq respublikaçıların Genuya hakimi A.Doryaya qarşı qiyamında qraf Fieskoya kömək edir. Sonra qraf Fiesko öz qoçaqlığı ilə ona dəstək olmuş mavra işarə verir ki, artıq sən mənə lazım deyilsən. Beləliklə, artıq adama çevrildiyini görən igid mavr özü şəhəri tərk edir.

Tarixi məlumatlara görə, ərəb işğalından sonra Pireney yarımadasında islamı qəbul etmiş əhali mavr adlandırılırdı. Kordova xilafəti dövründə onların sayı xeyli çox idi. 1492-ci ildə mavrlara məxsus quru torpaqlar işğal edildikdən sonra həmin əhali xristianlığı qəbul etmədi, ona görə də müsəlman mavrlar ölkədən qovuldu.

Bədii əsərlərdə və tarixə aid araşdırmalarda mavrların döyüş şücaəti, hərbi bacarıqları və sədaqəti ayrıca vurğulanır.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

MERİLİN MONRO SİNDROMU

Sevgiyə və xoşbəxtliyə nail ola bilməyən uğursuz, bəxtsiz və talesiz qadınların belə vəziyyətə düşməsinin səbəbini izah etmək üçün işlədilən ifadə.

İfadə dünya kino ulduzu olan Merilin Monronun (19261962) adı ilə bağlıdır.

M.Monro zəngin, uğurlu, cazibədar qadın olmuşdur. Kişilər onu dəli kimi sevir, hər zaman böyük kütlə halında pərəstişkarları olurdular. Amma bütün bunlara baxmayaraq M.Monro çox bədbəxt idi. Onu daim «mən uğursuz, bədbəxt, sevgiyə və xoşbəxtliyə layiq olmayan qadınam» kimi fikirlər təqib edirdi. M.Monro ləyaqətli kişiləri rədd edir, amma ona dəyər verməyən kişilərə aşiq olurdu. O, mənasız intriqaları sevirdi, kişilərin apardığı mübarizələri izləməkdən həzz alırdı, amma zamanla bütün layiqli namizədlər onun şıltaqlıqlarından yorulub bezirdilər. Beləliklə, tez, ya gec o tək qalır, depressiyaya düşür, çoxlu sakitləşdirici dərmanlar və narkotik qəbul edirdi. Bu dərmanlara və stressə görə o, 36 yaşında dünyasını dəyişdi.

M.Monro sindromunun səbəbi nədir? Mütəxəssislərin fikrincə, bütün qadın kompleksləri hələ uşaqlıqdan toplanır. Erkən uşaqlıq illərində normal inkişaf üçün uşaq gərək valideynlərinin sevgi və qayğısını görsün, amma valideynlər övladlarına az diqqət göstərirlərsə, o zaman gələcəkdə həmin uşaq bu sevginin yerini başqa şeylərlə və daha çox əyləncələrlə doldurmağa çalışır. M.Monro kimi qadınlar asanlıqla kişiləri özlərinə aşiq edirlər, amma üstünlüyü onlara qarşı soyuq və laqeyd olanlara verirlər. Bu vəziyyət heç zaman xoşbəxt ailə vəd etmir. Belə olduqda isə qadın, adətən, özünü günahlandırır. Elə bu zaman da özünə qarşı inamsızlıq, ətrafı üçün lazımsızlıq kimi fikirlər yaranır.

Psixoloqlara görə, Merilin Monro sindromuna qalib gəlmək çox çətindir.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər

MƏNƏ MEYMUN DEMƏYİN BƏS DEYİL...

►Birinin digərini başqalarının yanında təhqir etməsinə rəğmən yenə də heç nə olmamış kimi onunla münasibət qurmaq istədiyi məqamda deyilən ifadə.

Məsəl «O olmasın, bu olsun» filmindən (1956) qaynaqlanaraq geniş yayılmışdır.

Rüstəm bəy qızı Gülnazı tacir Məşədi İbada verməsi ilə əlaqədar ziyafət düzəldir. Axşam yeməyində şəhərin tanınmış adamları Rüstəm bəyin evinə toplaşırlar. Yeyib-içib əyləndikdən sonra sərxoş qonaqlar bir qədər kənarda əyləşib içki süfrəsinə qatılmayan Məşədi İbadı ələ salırlar. Fransada oxumuş Həsən bəy ayaq üstə güclə dura-dura insanın meymundan əmələ gəlməsi nəzəriyyəsini məclis əhlinə izah edir. Sonda məsələni Məşədi İbadın üzərinə gətirir:

– Pardon... bizim hamımızın meymuna bənzərliyi var, amma Məşədi İbad əsl oranqutandı!

Qonaqlar qəhqəhə çəkib gülürlər. Məclis iştirakçıları sərxoş halda bir az da əyləndikdən sonra, nəhayət, vidalaşmaq üçün ev sahibi Rüstəm bəylə və onun kürəkəni olacaq Məşədi İbadla sağollaşırlar. Bu məqamda həmin «fransız» Həsən bəy əl uzadanda Məşədi İbad əsəbi halda:

– Mürtəd oğlu mürtəd, mənə meymun deməyin bəs deyil, hələ mənimlə əl də tutursan?! – deyib ona bir şapalaq vurur.

Bu lüğətdən digər sözlər:

Məsəllər, deyimlər