Reklam
Reklam

Məsəllər, deyimlər

HANNİBAL ANDI

►Sona qədər mübarizə aparmağa, cəsarət və qətiyyət nümayiş etdirməyə, verdiyi anda sadiq qalmağa çağırış rəmzi kimi işlədilən ifadə.

İfadə Karfagen hakimi və böyük sərkərdə Hannibalın adı ilə bağlıdır.

Hannibalın 9 yaşı olanda atasından – uzun müddət Roma ilə döyüşən Karfagen sərkərdəsi Hamilkar Barkadan xahiş edir ki, onu da özü ilə hərbi yürüşə aparsın. Bunun müqabilində atasının ondan bir tələbi olur: «Söz ver ki, bütün həyatın boyu romalılara nifrət edəcək və onlarla mübarizə aparacaqsan». Hannibal müqəddəs qurbangahda təntənəli and içdi və ömürboyu bu anda sadiq qaldı.

Hannibal yavaş-yavaş hərbi yürüşlərdə mahir sərkərdə kimi məşhurlaşdı, Pireney yarımadasını zəbt etdikdən sonra Cənubi Qalliyaya, oradan isə Alp dağlarından İtaliyaya keçdi, orada bir sıra döyüşlərdə romalılarla üz-üzə gəldi, amma ciddi itkilər verdiyi üçün Romaya getməyə cəsarət etmədi.

Uzunmüddətli müharibələrdə zəifləmiş Hannibal Afrikaya dönməyə məcbur olmuş, orada isə romalılar tərəfindən məhv edilmişdi. Sülh bağlandıqdan sonra romalılar Hannibalın onlara verilməsini tələb etdilər, o isə Şərqə qaçdı və düşmənin əlinə keçməmək üçün sonda özünü zəhərlədi. Buna baxmayaraq «Hannibal andı» ifadəsi məcazi məna aldı və uzun illərdir ki, bütün dillərdə işlənərək «qəti vəd» mənasını verir.

Məsəllər, deyimlər

HANNİBAL QAPININ AĞZINDADIR

►Yaxınlaşan çox ciddi təhlükə haqqında həyəcanlı xəbərdarlıq kimi işlədilən ifadə.

İfadə məşhur natiq və mütəfəkkir Siseronun dilindən yayılmışdır.

Karfagen sərkərdəsi Hannibal uzun müddət Roma imperiyası ilə mübarizə aparmış və məğlubedilməz romalıları vahimədə saxlamağın mümkünlüyünü sübut etməyi bacarmışdı.

Romaya doğru yürüş edəndə İtaliyanın əksər şəhərləri Hannibalın tərəfinə keçirdi; onların arasında böyüklüyünə görə İtaliyanın ikinci şəhəri olan Kapuya da vardı. Növbəti məğlubiyyətdən sonra geri çəkilən romalılar düşmənin tərəfinə keçmək istəyən xəyanətkar Kapuyanı mühasirəyə aldılar. Hannibal öz tərəfdaşına köməyə getdi. Amma romalılar sonadək mübarizə apardılar.

Bu zaman romalıları Kapuyanın mühasirəsindən uzaqlaşdırmaq üçün karfagenlilər manevr edərək öz ordularını Romaya yönəltdilər. Şəhər real təhlükə qarşısında qalanda məşhur natiq və mütəfəkkir Siseron dözə bilməyib həyəcan təbili çaldı: «Hannibal qapının ağzındadır!» Bütün şəhər sakinləri dəhşət içərisində Romanın müdafiəsinə qalxdılar. Romalıların döyüş əzmini görən Hannibal şəhərə hücum etmək fikrindən daşındı. Amma «Hannibal qapının ağzındadır!» ifadəsi məcazi məna daşımağa başladı.

İfadə günümüzə heç bir dəyişikliyə məruz qalmadan gəlib çatmışdır. Kiminsə qarşısına ölümcül təhlükə çıxanda, yaxud kimsə tələyə düşəndə dərhal bu ifadə ağıla gəlir.

Məsəllər, deyimlər

HARINLIQ AZARINA TUTULMAQ

►Naz-nemət içәrisindә yaşayıb adamlara yuxarıdan aşağı baxmaq, var-dövlətin çoxluğundan qudurmaq, hədsiz bədxərclik və israfçılıq etmək.

İfadə Bağdad xәlifәsi Harun әr-Rәşidin (763–809) adından ümumilәşәrәk yayılmışdır.

Mәşhur Abbasilәr sülalәsindәn olan Harun Şәrqdә yayılmış bir sıra әfsanә vә rәvayәtlәrdә, xüsusilә «Min bir gecә» nağıllarında idealizә edilәrәk әdalәtli padşah, maarif vә sәnәtin tәrәqqisinә çalışan incәsәnәt hamisi, xalqın atası kimi tәriflənir. Guya yoxsul xalqın həqiqi vәziyyәti ilә yaxından tanış olmaq üçün tacir paltarı geyib Bağdadın küçәlәrini gәzәrmiş.

Əslində isə Harun әr-Rәşid çox amansız vә qәddar bir despot olmuşdur. Xüsusilә Bәrmәkilәrә qanlı divan tutmuş, təkcə bir gün içindә (hicri 187-ci il) 60 min Bәrmәki ailәsini qәtlә yetirmişdi. O, Şimal-Qәrbi İranda, Xorasanda, Misirdә baş verәn üsyanları amansız şәkildә yatırtmışdı. 808–809-cu illәrdә Muğanda vә Qarabağda әrәb işğalçılarına qarşı mübarizә aparan Xürrәmilәr hәrәkatını da әn vәhşi metodlarla boğmuş vә üsyançılarla çox qәddar davranmışdı.

Harun dövründә Bağdad әhli başdan-başa naz-nemәt içәrisindә üzürmüş. Xәlifənin özünün dövlәtinin qәdәrini bilәn yox imiş. Harun dövlәtinә, sәrvətinә müvafiq dә çox sәxavәtli, әliaçıq imiş. Sәxavәti haqqında bütün Şәrqdә çoxlu rәvayәtlər yayılmışdır.

Arvadı Zübeydә xatun da cah-calallı hәyat keçirirdi. Onun süfrәsinә yalnız qızıl vә ya gümüş qablarda, ya da daş-qaşla bәzәdilmiş qablarda xörәk gәtirilmәli idi. O, hәcc ziyarәtinә gedәrkәn Mәkkәdə onun qarşılanmasına üç milyon dinar xәrclәnmişdi.

Harunun övladları da belә bәdxәrclik dәrәcәsinə çatan әliaçıqlığı ilә fәrqlәniblәr. Oğlu Mәmunun toyunda o qәdәr sәrvәt mәsrәf olunmuşdu ki, әrәb әdəbiyyatında zәrbi-mәsәl halına keçmişdi.

Məsəllər, deyimlər

HATƏM KİMİ SƏXAVƏTLİ

►Həddindən artıq əliaçıq, səxavətli, kasıb-kusuba əl tutan, qonaqpərvər adam haqqında işlədilən ifadə.

İfadə ərəb dünyasında tarixi şəxsiyyət kimi tanınmış Hatəmi Teyyin adından götürülərək yayılmışdır.

Hatəm (Hatəmi Tai) Ərəbistanın şimalında məskunlaşmış Teyy qəbiləsinin başçısı idi. Doğum tarixi bəlli olmasa da, eramızın 605-ci ilində dünyasını dəyişdiyi barədə məlumatlar vardır. Şeir yazdığı, şairlik etdiyi də iddia olunur. Guya çox böyük bir sərvətə və eyni zamanda səxavətə malik olan bu adam Şərq xalqları arasında əliaçıqlıq və alicənablığın rəmzi kimi tanınıb. Onun bu müsbət xüsusiyyətləri haqqında İranda, ərəb ölkələrində və Azərbaycanda rəvayətlər yayılmışdır. Həmin rəvayətlərin birində deyilir:

«Bir gün Hatəmdən dünyada ondan daha səxavətli bir adam olub-olmadığını soruşarkən o, müsbət cavab vermiş və başına gələn belə bir əhvalatı nəql etmişdir:

– Bir dəfə yolayrıcına çıxıb yeməyə, geyməyə möhtac adam axtarırdım. Bir də gördüm arxasında bir şələ odun haldan düşmüş, sümükləri çıxmış bir qoca gəlir. Bu yerdə onun qarşısına bir qadın çıxdı və dedi:

– Uşaqlarım ac və çılpaqdırlar. Bu soyuq gündə tir-tir əsirlər. Allah rizasına şələni mənə ver, barı yetimlər oda isinsin.

Qoca bir kəlmə danışmadan odunları qadına verdi və ayaqlarını çəkə-çəkə yenə meşəyə odun yığmağa getdi.

Bunu eşidənlər Hatəmə etiraz edib deyirlər ki, bir şələ odun nə böyük şeydir, sən hər gün minlərlə acın qarnını doyurursan.

Hatəm onlara belə cavab verir:

– Başa düşün, mən var-dövlət sahibiyəm, çoxdan verirəm, o isə yoxdan...»

Məsəllər, deyimlər