Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

abzas

alm. absatz  – abzas, sətirbaşı

Nəsrlə yazılmış mətn­də yeni fikrin başlanğıcını bildirən sətirbaşı; ardıcıl gələn iki sətirbaşı arasında yerləşən mətn parçası.

Məz­mun­ca bitkin fikir ifadə edən abzas bir və ya bir neçə cüm­lədən ibarət olur. Mətnin abzaslara ayrılması onun daha asan qavranılmasına xidmət edir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

açılma

Bədii əsərdə süjet xəttinin kulminasiyadan sonrakı, finaldan əvvəlki mərhələsi, razvyazka.

Bu mərhələdə intriqa bitir, əsərin süjet və məzmununu təşkil edən ha­disələr başa çatır, bədii konflikt öz həllini tapır, əsərin ideyası aydınlaşır. Bir çox hallarda açılma əsərin finalını təşkil edir, bəzən isə əsər açılmasız qalır, yəni süjet xətti kulminasiyada bitir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

adlıq cümlə

Mübtəda əsasında formalaşan sadə cümlə.

Adlıq cümlədə xəbər iştirak etmir, əşya və hadisənin yalnız adı çəkilir. Adlıq cümlə söz və ya söz birləşməsi şəklində olsa da, bitkin intonasiya ilə deyilir; məs.: Ay işığı. Bulaq başı. Göy çəmən. Bir dünyamız. Bir sən özün. Bir də mən (S.Vurğun). Adlıq cümlə müxtəsər və geniş olur. Müxtəsər adlıq cümlədə yalnız mübtəda iştirak edir: Payızın ilk günləri. Geniş adlıq cümlədə təyin də olur: Qaranlıq gecə... Qorxunc vıyıltı səsi…

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aforizm

yun. aphorismos – kəlam

Müdrik fikir ifadə edən bitkin, yığcam ifadə, kəlam.

Atalar sözündən fərqli olaraq aforizmin müəllifi məlum olur. Məna dərinliyi, ifadə gözəlliyi, obrazlılıq aforizm üçün başlıca xüsusiyyətlərdir. Dini-əxlaqi, dini-fəlsəfi, sosial-fəlsəfi, sosial-əxlaqi və s. məzmunda olur. Aforizmlərin əksəriyyəti şair və yazıçılara məxsusdur; məs.: Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər (A.Bakıxanov). Bununla yanaşı, alimlərin, siyasi və ictimai xadimlərin dediyi aforizmlərə də çox təsadüf edilir; məs.: Həmişə sülh tərəfdarı ol, amma müharibəyə də hazır ol (Napoleon).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ağıçı

Ağı söyləyən peşəkar ifaçı: ölüm, faciə münasibətilə ağı nümunəsi yaradan şəxs; ediçi.

Azərbaycan kəndlərində təziyə məclislərində ağıçılara indi də təsadüf edilir. Onlar mövcud ağı nümunələri və ya bayatılardan istifadə etməklə bərabər, özləri də sərbəst improvizə yolu ilə ağı nümunələri yaradıb ifa edirlər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti