fr. intrigue > lat. intrico – çaşdırıram
Bədii əsərdə qəhrəmanın taleyinə maraq yaradan motiv və hadisələrin məcmusu.
İntriqa oxucunu əsərə cəlb edən, onda hadisələrin sonrakı gedişinə maraq oyadan vasitələrdən biridir. Әsərdə intriqa çox zaman surətlərin xarakter, məqsəd və ideya cəhətdən bir-birindən fərqli, ziddiyyətli olması nəticəsində yaranır. Lakin buradakı ziddiyyət və münaqişəni bədii konfliktlə eyniləşdirmək olmaz. Əsərdə intriqa konflikt olmadan da yarana bilər. Bəzən intriqa qəhrəmanın çətin vəziyyətə düşməsi, onun hər hansı məqsəd uğrunda mübarizəyə qoşulması ilə yaranır. Məsələn, Robinzon Kruzonun kimsəsiz adaya düşməsi ilə intriqa yaranır. Oxucunu əsəri sona qədər oxumağa vadar edən də bu intriqadır: “Görəsən, qəhrəman bu adadan qurtula biləcəkmi?” İntriqa daha çox süjetli əsərlər üçün xarakterikdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti