Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yeni jurnalistika

Jurnalistikada XX əsrin 60–70-ci illərində yaranmış, bədii təsvir va­si­tələrindən geniş istifadə edən yazı tex­ni­kası, üslub.

Terminin yaradıcısı ame­rikalı yazıçı-jurnalist Tom Vulf Y.J.-nın incə­sənət olduğunu bildirir, ədəbiyyatı isə «dəbdən düşmüş bayağılıq» adlandırırdı. Eyni za­man­da «alternativ jurnalistika» deyilən Y.J. üslubunda yazılmış geniş mə­qalələrdə ­ha­disələrin və  faktların detallı təsvirinə, ­dialoqlara, müəllif mövqeyi və düşün­cə­lərinə böyük yer verilir, «canlı» xalq di­lindən və ekspressiv ifadələrdən çox istifadə olunur. Azərbaycan mediasında bu üslubda materiallara yenidənqurma döv­ründə (1985–1991) tez-tez rast gəlinirdi.

Jurnalistika terminləri lüğəti

yeni media

Rəqəmsal texnologiyalar əsa­sında yaradılan və yayılan kütləvi informasiya vasitələri.

Bura informasiya saytları, elektron qəzetlər, sosial şəbəkələr, bloqlar və s. daxildir. Y.M., adətən, daha asan qav­ranılan qısa kontentdən ibarət olur, lakin onu səciyyələndirən başlıca element kontent deyil, məhz texnologiya, kommunikasiya sistemidir. Bununla da Y.M. ənənəvi mediadan fərqlənir. Y.M. rəqəmsal texno­logiyanın sürətli inkişafı ilə paralel XX əsrin 90-cı illərindən Qərbdə formalaşmağa baş­layıb. Oksford lüğəti ona belə tərif verib: «internet kimi rəqəmsal texnologiyalardan istifadə edən kütləvi kommunikasiya vasi­tələri». Kembric lüğəti Y.M.-nın daha geniş izahını hazırlayıb: «televiziya, qəzet kimi ənənəvi metodlarla deyil, kompüter, yaxud internet vasitəsilə informasiya və əyləncə təklif edən məhsullar, xidmətlər». Kanada radio-televiziya və telekommunikasiya ko­mis­siyası onu «interaktivliyə malik və rə­qəmsal texnologiyalarla yayılan istənilən media məhsulu» kimi qiymətləndirib. Y.M.-nın sosial mahiyyətini isə 1991-ci ildə ABŞ-ın Miçiqan universitetinin media tex­no­logi­yaları üzrə professoru Rassel Nyuman daha dəqiq açıqlayıb: «Biz audio, video və elektron mətnli kommunikasiya şəbə­kə­lərinin universal əlaqəli inkişafının şahidi oluruq. Bu inkişaf fərdlərarası ün­siyyətlə kütləvi kommunikasiya, ictimai ünsiyyətlə şəxsi ünsiyyət arasındakı fərq­ləri siləcək».

Jurnalistika terminləri lüğəti

yerli yayım

Proqramlarının əhatə dairəsi şəhər, rayon, bölgə hüdudları ilə məh­dud­laşan yayım.

Yerli televiziya və yerli radio ölkənin inzibati-ərazi bölgüsünə uyğun olan teleradio yayımı sisteminin bir həl­qə­sini təşkil edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti