Reklam
Reklam
Topic: Tarix
Sub-Topic: Ən yeni dövr
The author: Elnur Astanbəyli

Əhməd bəy Ağaoğlu niyə Atatürkə qarşı müxalif mövqeyə keçmişdi?

Türkiyənin İstiqlaliyyət müharibəsi (1919-1922) boyunca və Türkiyə Cümhuriyyətinin ilk illərində Mustafa Kamal Atatürkə yaxın olan, 20-ci illərdə yeni qurulan dövlətin aparıcı ideoloqlarından sayılan Əhməd bəy hökumətdə mü­hüm postları tutduğu və hakim partiyanı – Cümhuriyyət Xalq Firqəsini (indiki Cümhuriyyət Xalq Partiyası) Türkiyə Böyük Millət Məclisində (TBMM) təm­sil etdiyi halda, təxminən 1930-cu ildən etibarən müxalifətə keçdi. Buna səbəb həmin ilin yayından etibarən Türkiyədə ikinci siyasi partiyanın – Sərbəst Cümhuriyyət Firqə­sinin (qısaca: Sərbəst Firqə) yara­dılması oldu. Bu partiya da Atatürkün təşəbbüsü ilə yaradılmışdı. Mustafa Kamalın niyyəti ölkənin birpartiyalı sistemdən çoxpartiyalı, daha doğrusu, Amerika tipli ikipartiyalı demokratiyaya keçidini təmin etmək idi.

1929-cu ildə başlanan dünya iqtisadi böhranı Türkiyədən də yan keçməmişdi. Sənaye istehsalı kəskin azalmış, milli valyuta də­yərdən düşmüş, inflyasiya və işsizlik  yüksək həddə çat­mış, bütün bu iqtisadi problemlər isə əhalinin narazılı­ğını getdikcə gücləndirməyə başlamışdı. Belə bir vəziyyətdə Atatürk potensial müxalifətin əsas hissəsini bir təşkilatda birləşdirmək qərarına gəldi. Məqsəd müxalifləri nəzarətdə saxlamaq, onların fəaliyyətlərini hakimiyyət üçün kon­s­truktiv və təhlükəsiz məcraya yönəltmək idi. Buna görə də Atatürk sabiq baş nazir və o zaman Türkiyənin Fransada səfiri olan Fəthi Okyara “hakimiyyətə sadiq” müxalifət parti­ya­sı yaratmaq və ona rəhbərlik etmək tapşırığı verdi.

 

Ağaoğlu ilə Atatürkün mübahisəsi

Əlbəttə ki, Ə.Ağaoğlu bu ideyanı bəyənməyə bilməzdi, çünki təkpartiyalı sistemi Türkiyədə demokratik proseslərin dərinləşdirilməsi yolunda əsas maneələrdən biri hesab edirdi. Bu baxımdan təəccüblü deyil ki, Atatürk şəxsən özü Əhməd bəyə Sərbəst Firqəyə qo­şulmağı təklif etdi. Ağaoğlu bu təkliflə razılaşdı. Lakin onu narahat edən bir məqam vardı: yeni partiyanın süni yolla, iqtidarın sifarişi ilə yaradılması! Məhz bu səbəbdən də Sərbəst Firqənin təsis olunmasına həsr edilən, Türkiyənin hökumət və parlament rəhbərlərinin qatıldığı elə ilk iclasda Əhməd bəylə Atatürk  arasında mübahisə yarandı. Atatürk ondan Sərbəst Firqənin yaradılması ilə bağlı fikirlərini söyləməyi tələb etdi. Ağaoğlu açıq şəkildə bildirdi ki, “bu, ifrat dərəcədə sünidir”. Həmin mübahisəni Ə.Ağaoğlu özü belə təsvir edir:

“Qazi (Atatürk nəzərdə tutulur) qaşlarını çatdı:

– Nə demək istəyirsən?

– Ərz etmək istəyirəm ki, zati-dövlətinizin mövqeyi aydın deyil. Keçmiş firqə olduğu kimi qalır, onun başında yenə İsmət paşa, dövlətin bütün qüvvələrinə, vasitələrinə, sərvətlərinə ha­kim olaraq qalır. Bütün bunlar az imiş kimi, zati-dövlətiniz də dünyaya yayılmış şöhrət və nüfuzunuzla yenə o firqənin ba­şında qalırsınız! Buna müqabil olaraq hər cür vasitədən məh­rum Fəthi bəy ortaya çıxır. Kim gedər onun yanına?

– Sən gedərsən!

– Mən getmərəm!

– Nə üçün?

– Sizdən ayrılmaram!

– Nədən ayrılmazsan? Mənə bağlısan?

– Ətinizə, sümüyünüzə bağlı deyiləm. Fəqət, ifadə etdiyiniz mənaya bağlıyam.

Qazi daha da əsəbiləşdi və bu kimi hallarda olduğu kimi, dəsmalını yan cibindən çıxardı, burnunu sildi və başını yüksəyə qaldıraraq:

– Mənə sənin araqarışdıran adam olduğunu söyləyirdilər. Mən inanmırdım. Həqiqətən, sən araqarışdıransan”.

Fəthi bəyin bu məsələdə Əhməd bəyi dəstəkləməsi Ata­tür­kü tamam hövsələdən çıxardı. Zorla emosiyalarını cilovlayan Atatürk, narazı tonla bildirir: “Əhməd bəyi mən yaxşı tanıyıram. İndiyə qədər orada-burada, Məclis koridorlarında, qəzet sütunlarında özünü didib-tökür, işlərin yaxşı getməməyindən şikayətlənirdi. İndi ona açıq danışmaq, qüsurları göstərmək, xətaları düzəltmək imkanı verilir. Nədən tərəddüd edir?”

Atatürk emosiyalarını zorla cilovlasa da, hər halda Əhməd bəyə təklif etdi ki, ölkədə ikinci siyasi partiyanın qurulması üçün hansı yolun daha məqbul olduğunu açıqlasın. Bu imkandan yararlanan Ağaoğlu bildirdi ki, hakim partiyanın tərkibində bir-birilə rəqabət aparan iki qrupun – tərəqqipərvərlər və mühafizəkarların mövcudluğu heç kəs üçün sirr deyil və bu gün həmin adamlar sadəcə eyni partiyanın daxilində fəaliyyət göstərmək məcburiyyətindədirlər. Əhməd bəy əminliyini ifadə etdi ki, əgər onlara partiya və parlamentin daxilində hərəkət və ifadə azadlığı verilərsə, bu təbii bölünmə prosesinə təkan verə­rək, son nəticədə, iki müxtəlif partiyanın formalaşmasına gəti­rib çıxaracaqdır.

Ağaoğlunu diqqətlə dinləyən Atatürk bu sözlərdən son­ra bərkdən qəhqəhə çəkir. Məlum oldu ki, yeni təşkilatın yara­dılması ilə bağlı bu variant dövlət rəhbərliyi tərəfindən nəzər­dən keçirilib, lakin Atatürkün ən yaxın silahdaşlarından İsmət İnönü buna qarşı çıxdığı üçün rədd edilib. Bu xəbər Əhməd bəyin Sərbəst Firqə yaradıcılarının mə­ramının səmimiliyi ilə bağlı şübhələrini bir qədər də artırdı. Yalnız Atatürkün doğma bacısı Məqbulə xanımın da yeni partiyaya üzv olması Əh­məd bəyi bir qədər sakitləşdirdi.

 

Ağaoğluna silahdaşlarının xəyanəti

Yaradılması rəsmən 1930-cu il avqustun 12-də elan edilən Sərbəst Firqənin proqramı və nizamnaməsi Əhməd bəy tərəfindən yazılıb. Bu müxalif partiya iqtisadi böhran və ölkə daxilində narazılığın  pik həddə çatdığı bir şəraitdə yaradıldığı üçün xalq tərəfindən rəğbətlə qarşılandı. 1930-cu il avqustun 21-də partiyaya qəbul kampaniyası başlandı və Türkiyənin bütün bölgələrində insanların Sərbəst Firqəyə partiyaya görünməmiş kütləvi axını müşahidə olundu. Şübhəsiz ki, yeni partiyanı dəstəkləməklə əhali, ilk növbədə, hakim Cümhuriyyət Xalq Firqə­sinin siyasətinə etirazını bildirirdi. Bu dəstəyin getdikcə güclənməsi təbii ki, Türkiyənin ali rəhbərliyini təşvişə salmağa başladı. Onlar vəziyyətin nəzarətdən çıxa biləcəyindən narahat olmağa başladılar. İki təşkilat arasındakı rəqabətdə neytrallığını saxla­mağa və hakim Cümhuriyyət Xalq Firqəsini heç bir halda, hətta gizli şəkildə belə dəstəkləməyəcəyinə söz verən Atatürk belə, Sər­bəst Firqənin gözlənilməz uğurundan sonra öz mövqeyini dəyişdi. Nəticə etibarilə 1930-cu ilin sonlarına doğru bu partiyanı bağlamaq qərarı alındı. Həmin il noyabrın 17-də  100 gün belə fəaliyyət göstərməyən təşkilatın mövcudluğuna son qoyuldu.

Sərbəst Firqə ətrafında baş verən və “dünyanın heç bir yerində görünməmiş avantüra” sayıla bilə­cək bu hadisələr hətta Əhməd bəy Ağaoğlu kimi böyük həyat təcrü­bə­sinə malik bir insan üçün də ciddi mənəvi zərbə olur. Özü də Əhməd bəyə ən pis təsir edən Sərbəst Firqədən olan keçmiş silahdaşlarının verdikləri vədə xilaf çıxmaları olur. On­ların əksəriyyəti partiya bağlanandan sonra da “müxa­lifət fəaliyyətini davam etdirəcəyinə” söz vermişdi. Fəqət üstündən heç bir gün ötməmiş Sərbəst Firqənin rəhbərliyinə daxil olan şəxslərin praktiki olaraq hamısı, o cümlədən parti­ya­nın sədri Fəthi Okyar və katibi Nuri bəy Atatürkdən bol-bol mə­nəvi və maddi kompensasiya alaraq, yenidən hakim Cüm­hu­riyyət Xalq Firqəsinin sıralarına qayıtdılar. Bir müddət sonra, 1931-ci ilin yazında isə F.Okyar Türkiyənin Böyük Brita­ni­ya­dakı səfiri vəzifəsi ilə mükafatlandırıldı.

Sərbəst Firqənin rəhbərliyində təmsil olunan tanınmış şəxs­lərdən təkcə Ə.Ağaoğlu Atatürkə verdiyi sözə sadiq qalaraq hakim partiyaya qayıtmaqdan imtina etdi. Sərbəst Firqənin ləğvindən sonra Ə.Ağaoğlu III çağırış Tür­kiyə Böyük Millət Məclisinin səlahiyyət müddətinin bitmə­sinə qədər, yəni 1931-ci il martın sonuna kimi onun tərkibində bitərəf millət vəkili olaraq fəaliyyətini davam etdirdi. Bundan sonra isə yalnız pedaqoji fəaliyyətlə məşğul oldu.

 

 

Mənbə: Aydın Balayev. Əhməd bəy Ağaoğlu. "Altun kitab" nəşriyyatı, Bakı-2021