Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sıra sayları

Sayılan əşyaların sırasını göstərməyə xidmət edən saylar: birinci sinif, axırıncı mərtəbə.

Sıra sayları, əsasən, neçənci?, mətndə isə bəzən hansı? sualına cavab verir. Müəyyən miqdar saylarına, əvvəl, axır, son sözlərinə və filan əvəzliyinə -ıncı4 şəkilçisi artırmaqla yaranır: ikinci, axırıncı, sonuncu. Sonu saitlə bitən sözlərdə -ncı4 kimi yazılır: yed­dinci, altıncı. Sıra saylarının müxtəlif yazı formaları var: birinci; 1-ci; 1.; 1); I. Azərbaycan dilində müəyyən miqdar sayları ərəb rəqəmləri ilə yazılır (5, 10, 15). Lakin sıra sayları həm ərəb, həm də Roma rəqəmləri ilə yazılır: V − 5-ci, X – 10-cu, L − 50-ci, C − 100-cü, D − 500-cü, M − 1000-ci, DCCC − 800-cü, CDXXXIX − 439-cu. Sıra saylarından sonra gələn isim həm təkdə, həm də cəmdə ola bilər: 10-cu sinif, 10-cu siniflər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti