Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

relyef

lat. relevo – qaldırıram

Formasından, mənşəyindən və ölçüsündən asılı olmayaraq Yer səthində bütün nahamarlıqların məcmusu.

Formalarına görə R.-lər müsbət (təpə, dağ və s.) və mənfi (dərə, yarğan və s.), mənşəyinə görə təbii və antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) olur. R.-in yaranmasında insanın rolu getdikcə artır: məsələn, karxanaların yerində dərələr əmələ gəlir, dağ ətəklərində terraslar salınır. Ölçülərinə görə isə Yer qabığının R.-ini beş qrupa bölürlər: planetar, meqa, makro, mezo, mikro. Planetar R. forması materikokean çökəkliyidir. Meqarelyeflərə dağlıq ərazilər və böyük düzənliklər, makrorelyeflərə – dağ silsilələri, dağ vadiləri, böyük göllərin çökəklikləri, mezorelyeflərə – təpələr, dərələr, yarğanlar, mikrorelyeflərə daha kiçikölçülü formalar daxildir. R.-in əmələgəlmə səbəbləri bəllidir: bunlar Yer səthinə təsir göstərən daxili (məs.: tektonik) və xarici (məs.: günəş şüalarının enerjisi, yağışlar və s.) proseslərdir. Amma bəzi suallar elmdə hələ də mübahisə doğurur: niyə Yerin yarımkürələrindən biri, əsasən, okeanlardan (çökəkliklərdən), digəri qurudan (yüksəkliklərdən) ibarətdir? Niyə bəzi okeanın sahili dağ silsilələri, digərinin sahili düzənliklərdən ibarətdir və s. R.-lə bağlı məsələləri geomorfologiya elmi öyrənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti