Əhalinin və ya müəyyən əhali qrupunun hər hansı məsələ ilə əlaqədar rəyini öyrənmək üçün keçirilən sosioloji tədqiqat.
R.S.-ları müxtəlif əhatə dairəsinə (ekspert sorğuları, fokus-qruplarda sorğular, ictimai rəy sorğuları və s.) malik olur və fərqli üsullarla (telefon sorğusu, üzbəüz müsahibə, anketləşdirmə və s.) keçirilir. Bu tədqiqatlardan ən genişi ictimai R.S.-dur. İctimai R.S. bir tərəfdən ictimai rəyin ölçülməsi mexanizmidirsə, digər tərəfdən ona güclü təsir vasitəsidir. Bu sahədə manipulyasiyalara yol verməmək üçün ictimai R.S.-larının nəticələrinin KİV-də yayılmasına qanunvericilikdə və peşə əxlaqı kodekslərində məhdudiyyətlər qoyulur. Kodekslər sorğu nəticələri dərc edilərkən jurnalistlərdən onun sifarişçisini, icraçısını, suallarını, keçirilmə tarixini, yerini, iştirakçıların sayını və s.-ni göstərməyi tələb edir. Qanunlar seçki və referendumlar zamanı səsverməyə bir gün qalmış ictimai R.S. nəticələrinin yayılmasına qadağa qoyur. Kütləvi informasiya vasitələri özləri də auditoriyalarını öyrənmək, ictimai tələbatı müəyyənləşdirmək üçün vaxtaşırı sorğular keçirir.
See also:
Jurnalistika terminləri lüğəti