lat. nobilis – adlı-sanlı
Qədim Romada respublika dövründə (e.ə. 509–27) patrisi və varlı plebey ailələrinin qapalı dairəsi.
N. e.ə. III əsrin başlanğıcında formalaşıb. Ən mühüm dövlət vəzifələrinə yalnız N.-in nümayəndələri seçilib, “kənar adamın” həmin vəzifələri (məs.: konsul) tutması praktiki cəhətdən qeyri-mümkün olub. Bu dairəyə daxil olan şəxslər – nobillər – aristokratik respublikanın siyasi ənənələrinin qoruyucuları sayılıblar, lakin onların arasından müxalif ruhlu dövlət xadimləri də çıxıb. Roma demokratiyasının bütün rəhbərləri (cüzi istisnalarla) N.-ə mənsub olublar. İmperiya dövründə (e.ə. 27-ci – bizim eranın 476-cı illəri) isə N.-in əhəmiyyəti azalıb. Geniş mənada: antik müəlliflər N. terminini xalq və qara camaatın əksi olan əyanlar anlamında işlədiblər.
Tarix terminləri lüğəti