Reklam
Reklam

Tarix terminləri lüğəti

manilik

III əsrdə Yaxın Şərqdə yaranmış, zərdüştilik, mazdeizm, qədim Babil dinləri, buddizmxristianlığın sintezindən ibarət olan dini təlim.

M. termini təlimin banisi Maninin (təqr. 216–277) adından yaranıb. Mani bütün mövcud dini təlimlərin üstün cəhətlərini birləşdirərək universal və vahid “dünya dini” formalaşdırmaq iddiasında olub. M.-in əsasında dualizm prinsipi – Nur və Zülmət başlanğıclarının mübarizəsi durub. Bu təlim bəşər tarixini nurla zülmətin, xeyirlə şərin, Allahla iblisin mübarizəsi tarixi kimi qiymətləndirib; ətraf aləmə şərin təcəssümü kimi baxıb; dünyanın inkişafının məqsədini insanın qəlbində olan xeyir və nur zərrəciklərinin “xilasında” görüb. M. təliminə görə, nur zərrəciklərini yalnız ifrat dərəcədə tərki-dünyalıq vasitəsilə azad etmək olar, bunun üçünsə pəhriz saxlamaq, kəbindən imtina etmək və s. lazımdır. Hakim dinlərə qarşı çıxdığı üçün M. böyük təzyiqlərə məruz qalıb, buna baxmayaraq, İrandan savayı, Mərkəzi Asiyada, Hindistanda, Çində, Yaxın Şərqdə və Roma imperiyasının şərq əyalətlərində yayılıb, VIII əsrdə hətta Uyğur xaqanlığının rəsmi dini elan edilib. Lakin VIII–IX əsrlərdə digər dinlərin ardıcıl təqibləri nəticəsində M.-in mövcudluğuna son qoyulub. M.-dəki dualizm prinsipi sonralar Avropada və Şərqdə bir çox dini təlimlərə (məs.: məzdəkilik) ciddi təsir göstərib.

Tarix terminləri lüğəti