fr. domaine < lat. dominium – mülk, sahiblik
Orta əsrlərdə Avropada monarxa və ya feodala məxsus mülk, iri torpaq sahələri.
Orta əsrlərdə Qərbi və Mərkəzi Avropa ölkələrində krala məxsus irsi torpaq sahələri kral D.-i adlanırdı. Ölkənin müxtəlif regionlarına səpələnmiş krala məxsus mülklər, qalalar, şəhərlər, meşə və otlaqlar da D.-ə daxil olub. D.-dən əldə edilən gəlirlər kral və onun yaxın ətrafını saxlamaq üçün tələb olunan vəsaitin əsas hissəsini təşkil edib. İri feodalların torpaq sahələrinin D.-ə birləşdirilməsi kral hakimiyyətinin möhkəmləndirilməsinin və feodal pərakəndəliyinin aradan qaldırılmasının əsas vasitələrindən biri olub. Hersoq, qraf və digər iri feodalların da öz D.-ləri olub. Feodalizm dövründə feodal mülkünün bir hissəsi isə senyorial D. adlanırdı. Burada feodal asılı kəndlilərin və torpaqsız işçilərin əməyindən istifadə etməklə müstəqil şəkildə təsərrüfatla məşğul olub. Əkin sahələri, çəmənliklər, bağlar, tikililər, canlı və cansız inventar da D.-ə daxil olub.
Tarix terminləri lüğəti