Reklam
Reklam

Tarix terminləri lüğəti

feodalizm

lat. feodum < qədim. germ. fihu, fehu – torpaq sahəsi, əmlak, mal-qara, pul + öd – sahib olma

Müasir tarix elminə görə, orta əsrlərdə Qərbi və Mərkəzi Avropada mövcud olmuş sosial sistem, ictimai quruluş.

F. Avropada V əsrdə formalaşmağa başlayıb. Bu terminin özü isə ilk dəfə XVIII əsrin sonlarında köhnə qayda-qanun (mütləq monarxiya, zadəganların hökmranlığı) anlamında işlənib. İqtisadiyyatda kənd təsərrüfatının üstünlük təşkil etməsi, natural təsərrüfatın hökmranlığı, iki əsas sosial qrup – feodallar və kəndlilərin varlığı F.-in ən səciyyəvi xüsusiyyətləridir. F. dövründə feod institutu geniş yayılır, hakim (feodal) sosial qrup daxilində vassal münasibətləri hökm sürür, kəndlilər feodaldan şəxsi asılılıqda olurlar. Müasir Qərb tarixşünaslığına görə, F. sırf Avropa fenomeni olub, hərçənd onun bir çox təzahürlərinə dünyanın digər bölgələrində də rast gəlinib. Doğrudur, marksizm F.-i torpaq üzərində feodal mülkiyyətinə, habelə hakim sinifdən (feodallardan) şəxsən və torpaq cəhətdən asılı olan kəndlilərin istismarına əsaslanan, bütün dünyada yayılmış xüsusi ictimai-iqtisadi formasiya kimi qələmə verir. Marksizmə görə, bəşər tarixinin inkişafında universal mərhələ olan F. quldarlıqdan sonra, kapitalizmdən isə əvvəl gəlib. Lakin son tədqiqatlar göstərir ki, Şərq ölkələrində klassik anlamda F. deyil, Asiya istehsal üsulu mövcud olub. Bu səbəbdən F.-in universal sosial sistem olması fikri tədqiqatçıların əksəriyyəti tərəfindən qəbul edilmir. XVI–XVIII əsrlərdə Avropada baş vermiş inqilablar F.-in, demək olar, tamamilə aradan qalxması və kapitalizmlə əvəzlənməsi ilə nəticələnib.

Tarix terminləri lüğəti