sanskr. jaina – qalib
Hindistanda e.ə. VI əsrdə təşəkkül tapmış əsas dini-fəlsəfi təlimlərdən biri.
C.-in banisi Mahavira (böyük qəhrəman) və Cina (qalib) adları almış Vardhamana sayılır. Buddizm kimi bu təlim də brahmanizmdəki ritualizm və mücərrədliyə qarşı etiraz reaksiyası olaraq yaranıb. Vedaların nüfuzu ilə hesablaşmayan C. bütün kastalardan olan kişi və qadınlar üçün açıq elan edilib. C. hinduizm təlimi üçün xarakterik olan ruhların yenilənməsi və hər bir hərəkətə görə cavabdehlik prinsiplərini qoruyub saxlayıb. Onun əsas məqsədi ruhun nirvana vəziyyətinə nail olunmasıdır. C.-ə görə, həmin məqsədə yalnız tərki-dünyalıq qaydalarına ciddi əməl edənlər, o cümlədən canlı varlıqları məhv etməkdən çəkinənlər çata bilərlər. Təlimin beş əsas əxlaq prinsipi var: öldürmə, yalan danışma, oğurlama, mal-dövlət həsrətində olma, cinsi əlaqədən mümkün qədər uzaq dayan. C. tərəfdarlarının əksəriyyəti ticarət və sələmçiliklə məşğul olan insanlardan ibarətdir: torpağı şumlayarkən xırda canlı varlıqların – cücülərin, həşəratların məhvi qaçılmaz olduğundan bu təlim əkinçiliyi yasaq edib.
Tarix terminləri lüğəti