Bəşəriyyət tarixində ilk sinifli cəmiyyət.
Q.Q.-nda iki əsas sinif: quldarlar və qullar mövcud olub. Bu quruluş quldarın həm torpaq, həm də qul üzərində tam hökmranlığına əsaslanıb. Belə ki, quldarın mülkiyyəti olan qul “danışan əmək aləti” sayılıb. Quldarın heç bir əvəz ödəmədən qulun əməyinin bütün nəticələrini mənimsəmək hüququ olub. Q.Q. e.ə. IV–III minilliklərdə Şərqdə (Mesopotamiya və Misirdə) yaranıb. Tarixən quldarlığın iki forması olub: patriarxal və klassik (antik). Əsasən, Şərq ölkələri üçün xarakterik sayılan patriarxal quldarlıqda kölə heç də başlıca istehsal qüvvəsinə çevrilməyib, ayrı-ayrı sahələrdə isə qul əməyinin xüsusi çəkisi kifayət qədər aşağı olub. Şərqdə qul əməyindən daha çox ev təsərrüfatında və məişətdə istifadə edilib. Patriarxal quldarlıqda quldarlar əmək prosesində bəzən öz qulları ilə bərabər çalışıblar. Q.Q. e.ə. V–IV əsrlərdə Qədim Yunanıstanda, e.ə. II əsrdə isə Romada yetkinlik zirvəsinə çatıb. Məhz həmin mərhələ klassik quldarlıq dövrü adlanır. Q.Q. təxminən eramızın III–V əsrlərində tarixi səhnədən çıxsa da, onun bir çox təzahürləri uzun müddət dünyanın müxtəlif bölgələrində özünü göstərib.
Tarix terminləri lüğəti