Reklam
Reklam

Tarix terminləri lüğəti

monarxiya

yun. monarchia – təkhakimiyyətlilik, mütləqiyyət

Ali dövlət hakimiyyətinin bütövlükdə və ya qismən bir nəfərin – monarxın əlində cəmləndiyi idarəçilik forması.

M. dövlət və hüquq tarixində respublika ilə yanaşı, ən geniş yayılmış idarəçilik formalarından biridir. O, çevikliyi və şəraitə uyğunlaşma qabiliyyəti ilə seçilir. Məhz bu keyfiyyətlərinə görə hələ qədim dövrlərdən mövcud olan M. hətta ən demokratik dəyişikliklərə uğramış dövlətlərdə belə indiyədək qala bilib. Müasir dünyada M.-nın iki əsas tipi var: mütləq və konstitusiyalı M. Mütləq M.-da bütün hakimiyyət (icraedici, qanunverici və məhkəmə) monarxın əlində cəmlənir; məs.: Səudiyyə Ərəbistanı, Bruney, Vatikan, Oman və bir neçə ərəb ölkəsində mütləq M. hökm sürür. Böyük Britaniya, Niderland, Belçika, İsveç, Danimarka kimi Avropa dövlətləri, habelə Yaponiya, Malayziya, Tailand və s. ölkələr isə konstitusiyalı M.-ya misal ola bilər. Konstitusiyalı M.-ların tam əksəriyyətində monarxın hakimiyyəti simvolik xarakter daşıyır və o, faktik olaraq idarəçilik səlahiyyətlərinə malik deyil.

Tarix terminləri lüğəti