Əruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların ardıcıllıq forması) və bölgülərini müəyyən edən qəliblər.
Əruzun nəzəriyyəsini yaratmış Xəlil ibn Əhməd (VIII əsr) ərəbcə “fə’ələ” (hərəkət) sözündən yaranan müxtəlif ifadələri (FA’ilAtün, MəfA’İlün, Müftə’ilün və s.) təfilələr kimi qəbul edib və bu təfilələr vasitəsilə əruz vəzninin müxtəlif qəliblərini yaradıb. O yaratdığı əsli təfilələrdən asılı olaraq qəlibləri bəhrlərdə qruplaşdırıb. X.İ.Əhmədin təfilələrində heca iki formada – həm qapalı heca kimi (məs.: “tün”, “lün” və s.), həm də saiti uzadılan (böyük hərflə və bəzi hallarda apostrofla işarə edilən) açıq heca (məs.: “fA”, “lA”, bəzən “fə’” və s.) ilə ifadə olunur. İkiqat uzun hecalar isə əlifbamızda saiti böyük hərflə yazılan qapalı hecalarla (məs.: “lAn”) ifadə olunur. Başqa sözlə, uzun hecalar ərəb əlifbasındakı iki hərf (birincisi hərəkəli, ikincisi hərəkəsiz), qısa hecalar isə bir hərəkəli hərf vasitəsilə düzəlir.
FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün (X.İ.Əhməd qəlibi)
Sevgidir, yal / nız məhəbbət / dir həyatın / cövhəri (Ə.Vahid).
Elmi ədəbiyyatda qəliblər şərti işarələrlə – simvolik formullarla da göstərilir. Burada uzun hecalar “–”, qısa hecalar isə “‿” işarəsi ilə ifadə olunur. İkiqat uzun hecaların şərti işarəsi isə “~” kimidir.
–‿– – / –‿– – / –‿– – / –‿– (Simvolik formul)
Sevgidir, yal / nız məhəbbət / dir həyatın / cövhəri.
Azərbaycan ədəbiyyatında Əkrəm Cəfər və Şirvani Ədilli fərqli Ə.Q. yaradıblar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti