Reklam
Reklam

Tarix terminləri lüğəti

şiəlik

ər. əş-şiə – tərəfdarlar, ardıcıllar

İslamda sünniliklə yanaşı, iki ən böyük cərəyandan biri.

VII əsrdə xilafətdə Əli ibn Əbu Talib və onun Fatimədən olan övladlarının (Həsən və Hüseyn) xəlifəlik hüququnu müdafiə edən qrup formalaşıb. Siyasi hakimiyyət uğrunda mübarizədə məğlub olmuş Ş. VIII əsrin ortalarında islamda xüsusi cərəyan kimi yaranıb. Ş.-lə sünnilik arasında əsas fərq müsəlman icmasının başçısı (xəlifə) məsələsinin həllində özünü göstərir. Sünnilikdə “bütün müsəlman icmasının razılığını” almış istənilən şəxs xəlifə seçilə bilər. Ş.-yə görə isə müsəlman icmasında yalnız Əlinin nəslindən olan şəxslərin ali hakimiyyətə iddia etmək hüququ var. Məhz bu səbəbdən Ş. yarandığı gündən xəlifəliyin Əlinin nəslinə qaytarılması uğrunda mübarizə aparıb. Sünnilər kimi şiələr də Allahı, Məhəmməd peyğəmbəri, Quranı və sünnənin əksər hissəsini qəbul edirlər. Lakin onlar sünnənin Əlinin rəqiblərinə (birinci üç xəlifəyə – Əbu Bəkr, Ömər və Osman) aid olan hissəsi ilə razılaşmırlar, eyni zamanda peyğəmbər və Əli haqqında xüsusi müqəddəs rəvayətlərə malikdirlər. Ş.-də “müqəddəs şəhidlər” və “imamlar” kultu xüsusi yer tutur. Şiələr təkcə imamların özlərini deyil, həm də onların varislərini müqəddəsləşdirirlər, habelə sünnilərdən fərqli olaraq Məkkə və Mədinə ilə yanaşı, şiə imamlarının dəfn olunduğu Kərbəla, Nəcəf, Məşhəd və Qumu da müqəddəs sayırlar. Hazırda Ş. İranda rəsmi din sayılır. İraq, Yəmən, Azərbaycan, Suriya, Livan, Bəhreyn müsəlmanlarının xeyli hissəsi də Ş. cərəyanının ardıcıllarıdır.

Tarix terminləri lüğəti