ing. chat – qeyri-rəsmi söhbət
İnternetdə real vaxt rejimində informasiya mübadiləsi aparmaq üçün vasitə, həmçinin bu vasitədən istifadə imkanı yaradan proqram təminatı.
Ç.-ı forumlardan, kompüterlə digər ünsiyyət vasitələrindən fərqləndirən cəhət onun real vaxt rejiminə maksimal yaxınlığıdır. Ç.-da əlaqə eyni zamanda xətdə olan istifadəçilər arasında mümkündür. Ç. dedikdə, adətən, qrup şəklində ünsiyyət nəzərdə tutulur, lakin burada təkbətək ani informasiya mübadiləsi üçün də şərait var. «Tolkomatik» adlanan ilk çat sistemi 1973-cü ildə ABŞ-ın İllinoys universitetində tətbiq edilib. 1988-ci ildə Internet Relay Chat (IRC) proqramı yaradılıb və internetdə Ç. termini meydana gəlib. 1991-ci ildə Fars körfəzində «Səhrada tufan» əməliyyatı zamanı müharibə xəbərləri IRC-də toplanaraq yayılıb, bundan sonra Ç.-ların (veb Ç.-lar, video Ç.-lar, audio Ç.-lar) xüsusi populyarlıq dövrü başlanıb.
Jurnalistika terminləri lüğəti