ing. enclosures – çəpərləmə
Erkən yeni dövrdə icma torpaqları və adətlərinin Avropada zorakı yolla ləğvi forması.
Ç. klassik formada XV əsrin sonu – XIX əsrin əvvəllərində İngiltərədə tətbiq edilib, lakin belə hallara Almaniya, Niderland və Fransada da rast gəlinib. Ç.-ə XV–XVI əsrlərdə mahud sənayesinin inkişafı ilə əlaqədar yunun qiymətinin artması səbəb olub. Bu zaman lordlar icmaya aid otlaqlarla yanaşı, əkin sahələrini də kəndlilərin əlindən alaraq çəpərləyiblər. Onlar bu sahələri qoyunçuluğun daha da inkişaf etdirilməsi məqsədilə özləri istifadə edib, ya da fermerlərə icarəyə veriblər. İngilis kəndlilərinin əksəriyyətinin əkin sahələri üzərində mülkiyyət hüququ olmadığından onlar Ç. prosesində əmək alətləri, ev və torpaqlarını itirərək səfillərə çevriliblər. «Qoyunlar adamları yeyir» ifadəsi də bu dönəmdə yaranıb. Ç. kənd əhalisinin sosial tərkibini kəskin şəkildə dəyişərək kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafına təkan verib: feodallar kapitalist tipli lendlordlara çevriliblər, burjuaziya isə müflis olmuş kəndlilərin simasında ucuz işçi qüvvəsi əldə edib.
Tarix terminləri lüğəti