ing. lord < hlaford – hərfi mənası: mühafizə edən, ruzini qoruyan
1. Orta əsrlərdə İngiltərədə feodal torpaq sahibi, vassalların senyoru.
Daha sonra bilavasitə kraldan torpaq alan iri feodallara L. deyilib. XIV əsrdən başlayaraq tədricən L. ingilis ali zadəganlarının (hersoq, markiz, qraf, vikont və baronların) ümumi tituluna çevrilib və lordlar palatasını təşkil edən perlərə verilib. Bu titul kişi xətti ilə irsən keçə, həmçinin kral tərəfindən bəxş edilə bilər. XIX əsrdən etibarən İngiltərədə iri kapital nümayəndələrinə, siyasət, elm, mədəniyyət xadimlərinə və s. görkəmli şəxslərə də L. titulu verilir.
2. Böyük Britaniyada bir sıra ali və yerli səviyyəli dövlət vəzifələrinin rəsmi adının tərkib hissəsi; məs.: lord-kansler, lord-mer və s.
3. XV–XVII əsrlərdə İngiltərənin yüksəkvəzifəli dövlət xadimlərinin titulunun tərkib hissəsi; məs.: həddi-büluğa çatmamış kralın regentinə L.-protektor deyə müraciət olunurdu.
Tarix terminləri lüğəti