Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Yanaşı gələn durğu işarələrinin ardıcıllığı

 

1. Cümlə sonunda yanaşı işlənən durğu işarələri 

Sual və nida işarəsi yanaşı gəldikdə əvvəlcə sual, sonra nida işarəsi qoyulur:

  • Vay, indi anama nə deyəcəyəm?!

Sual işarəsi və üç nöqtə yanaşı gəldikdə sual işarəsi əvvəl gəlir və üç nöqtədən biri ixtisar olunur:

  • Müəllim, bəs mən?..

Nida işarəsi və üç nöqtə yanaşı gəldikdə də eyni qayda tətbiq olunur:

  • Mən müqəssir deyiləm!..

Sual və nida işarələri üç nöqtə ilə birgə işləndikdə üç nöqtədən ikisi ixtisar olu­nur:

  • Elə bilirdin, xəbər tutmayacağam?!.

2. Dırnaq və digər durğu işarələri

Vasitəsiz nitqin sonunda vergül dırnaqdan sonra gəlir:

  • “Mən burada qalmaram”,  – deyə durub qaçmaq istəyirdi.

Vasitəsiz nitqin sonunda üç nöqtə, sual və nida işarələri dırnaqdan əvvəl qoyulur:

  • “Dilim-ağzım qurusun, birdən...” Nə fikirləşdisə, darvazaya tərəf cumdu.
  • Öz-özünə düşündü: “Kim idi bu boyda şəhərdə məni tanıyan?” Amma sən saydığını say...
  • “Ey uca Pərvərdigar, özün mənə kömək ol!” – deyib ayağa qalxdı.

Vasitəsiz nitqin sonunda nöqtə və vergül dırnaqdan sonra qoyulur:

  • Gedəndə demişdi: “Darıxmayın, günü sabah qayıdacağam”. Amma elə o gedən getdi.

3. Mötərizə və digər durğu işarələri

Dərslik və monoqrafiyalarda fikri əsaslandırmaq üçün istifadə olunan nümunələrdən (sitatlardan) sonra adətən nöqtə qoyulur və sitatın mənbəyi mötərizə içərisində yazılır:

  • Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin.

(Mustafa Kamal Atatürk)

Lakin mətn daxilində sitatdan istifadə olunarkən fərqli qayda tətbiq olunur:

  • İstənilən müharibə sülhlə bitir. Düz deyiblər ki, “müharibənin son məqsədi sülhdür” (Aristotel). Şübhəsiz, bu müharibənin də əvvəl-axır bir sonu olacaq.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.