İki dahi yazıçı, Amerikanın XX əsr dünya ədəbiyyatına bəxş etdiyi iki korifey: Ernest Heminqvey və Vilyam Folkner... Onların münasibəti yetərincə sərin idi. Bu ixtilafın isə olduqca maraqlı, hətta ilk baxışda iki böyük qələm ustasından çox iki şıltaq uşağın bir-biri ilə dalaşmasını xatırladan tarixçəsi var.
Hər şey vaxtilə ABŞ-nin Missisipi Universitetində tələbələrdən birinin sualını cavablandırarkən Folknerin yol verdiyi xırda bir “qüsur”dan başlamışdı. 
Belə ki, həmin görüşdə bir tələbə ondan “ən görkəmli beş çağdaş amerikan yazıçının sırasında kimlərin adını çəkə biləcəyini” soruşmuşdu. Folknerin bu suala cavabı belə olmuşdu: 1. Tomas Vulf, 2. Dos Passos, 3. Heminqvey, 4. Kezer, 5. Steynbek.
Yuxarıdakı cavabdan sonra görüşü idarə edən müəllim sual verən tələbəyə müraciətlə demişdi: “Siz, deyəsən, mister Folknerin təvazökarlığını sınağa çəkirsiniz”. Bu sözlərdən sonra Folkner öz siyahısını aşağıdakı şəkildə oxumuşdu:
1. Tomas Vulf – bu adam çox böyük cəsarət sahibi idi və əsərlərini sanki son günlərini yaşayırmış kimi yazırdı. 2. Vilyam Folkner. 3. Dos Passos. 4. Heminqvey – bu adam cəsarətdən xalidir, o heç zaman nazik buz qatının üzərinə ayaq basmağa belə cürət etməyib və indiyədək elə bir söz işlətməyib ki, həmin sözün məğzini öyrənmək üçün oxucunu lüğətə baxmağa məcbur eləsin. 5. Steynbek – bir vaxtlar mən ona böyük ümidlər bəsləyirdim. İndi isə bilmirəm...
Görüş beləcə başa çatmışdı. Sonralar görüşdəki tələbələrdən biri həmin görüşün tam stenoqramını mətbuat üçün hazırlasa da, başqa bir tələbə onu qabaqlamışdı –öz ala-yarımçıq qeydlərini daha tez çapa vermişdi. Beləliklə də Folknerin Amerikanın beş görkəmli yazarına verdiyi qiymət əsasında onları müəyyən ardıcıllıqla sıralaması və Heminqveyin cəsarətsizliyi barədəki məlum cavabı 1947-ci il aprelin 24-də Oksford qəzetlərinin birində dərc olunmuşdu.
Az sonra “Nyu-York herald tribun” həmin cavabı təkrar çap etdi, həngamə də məhz bundan sonra başlandı. Belə ki, yazının dərc olunduğu qəzet o vaxt Kubada yaşayan Heminqveyin əlinə keçdi və yazıçını bərk hiddətləndirdi. O, dərhal bir dostuna – general Lenhemə məktub yazıb xahiş etdi ki, qoy özünün hərbi döyüş şücaətləri barədə Folkneri məlumatlandırsın.
Xahiş yerinə yetirilir – Lenhem rəhbərlik etdiyi 22-ci piyada alayının tərkibində Heminqveyin, həqiqətən də, müttəfiq qoşunlarının Fransaya çıxarıldığı gündən başlamış 1944-cü ilin qış aylarınacan hərbi müxbir qismində iştirakı və şücaətləri barədə Folknerə müfəssəl məlumat yazaraq dostunun xidmətlərini bircə-bircə sadalayır. Sonda da düz üç səhifəni tutan həmin faktların Folknerdə Heminqveyə qarşı yanlış təsəvvürü dəyişdirəcəyinə ümidvar olduğunu bildirir. Məktubdan təsirlənən Folkner yaranmış vəziyyətdən bərk peşmançılıq hissi keçirir və məsələyə aydınlıq gətirmək üçün generala bu məzmunda cavab yazır:
Hörmətli general Lenhem!
Məktubunuza görə Sizə təşəkkürümü bildirirəm.
Sizin mənim ifadələrimə istinadən göstərdiyiniz misallar düzgün deyil. Heç şübhəsiz ki, siz onları yanlış çap olunduqları mənbədən oxumusunuz. Məsələ bundadır ki, mən Heminqveyin insani keyfiyyətləri barədə bir kəlmə də danışmamışam, yalnız ədəbi ustalığından söz açmışam. Üstəlik, mən onun iki Dünya savaşında və İspaniyada göstərdiyi hərbi xidmətlərdən xəbərdaram.
Aprel ayında mən ingilis dili və ədəbiyyatı fakültəsinin xahişinə əsasən Missisipi Universitetinin altı kursunun hamısında tələbələrlə görüşüb onların ədəbiyyat və yaradıcılıq məsələlərinə dair suallarını cavablandırdım. Qrupların birində Amerikanın ən məşhur yazıçılarına qiymət verməyimi xahiş etdilər. Cavabım belə oldu ki, bu əsla mümkün deyil. Fikrimcə, ümumiyyətlə, bunu heç kəs bacarmaz, amma onların israrlı xahişlərindən sonra öz müasirlərimi – biz yazmağa başlayandan adı adımla daha tez-tez yanaşı çəkilən yazıçıların yaradıcılığını necə qiymətləndirdiyimi açıqlamaq məcburiyyətində qaldım. Heminqveyin, Vulfun, Dos Passosun, Kolduellin adını çəkib dedim ki, məncə, biz hamımız məğlubiyyətə uğramışıq. Yəni o mənada ki, birimiz də Dikkensin, Dostoyevskinin, Balzakın, Tekkereyin və b. əldə etdiyi yüksəkliyə ucala bilməmişik. Dedim ki, ən gözəl məğlubiyyətə Vulf uğrayıb, çünki aramızda ən cəsarətlisi o çıxdı – heç zaman çəkinmədi, vecinə də almadı ki, zövqü pis, üslubu yorucu və yöndəmsiz sayıla bilər. Həmçinin qeyd etdim ki, üsluba fikir verdiyinə görə riskdən qorxan Dos Passos ikinci yerdə dayanır. Sonra Heminqveyin adını çəkdim. Çünki bir çox başqaları kimi o da özünü təhlükəyə məruz qoymaq istəməyib, pis görünməkdən, uzunçuluqdan, yaxud darıxdırıcı yazmaqdan çəkinib. Əlbəttə, bütün bunlar barədə orada daha geniş danışmışdım. Əlimdə hazır mətn olmadığından hazırlıqsız çıxış edirdim, həm də düşünürdüm ki, görüş qeyri-rəsmidir, deyilənlər də mətbuat üçün deyil.
Çıxışımın çap olunmasını yalnız Sizin məktubunuzdan bildim. Göstərdiyiniz misallardan isə belə qənaətə gəlirəm ki, mətn ciddi təhrif olunub və xeyli kəsilib-doğranıb. Buna dərindən təəssüflənirəm. Məktubun surətini əlavə qeydimlə birgə Heminqveyə də göndərirəm. Əmin ola bilərsiniz ki, bu yanlışlığı aradan qaldırmaq fürsəti hər hansı şəkildə əlimə düşərsə, həmin fürsətdən yararlanıb mütləq bunu edəcəyəm. Məktubunuza görə bir daha minnətdarlığımı bildirirəm.
Hörmətlə, Vilyam Folkner
Bundan sonra Folkner, həqiqətən də, məktubun surətini Heminqveyə göndərmiş, aşağıdakı qeydi də yazdığı məktuba əlavə etmişdi:
Əzizim Heminqvey!
Bu ağlasığmaz səfehliyə görə bərk təəssüflənirəm. Mən, sadəcə, universitetdəki çıxışıma görə iki yüz əlli dollar pul qazanmışam. Çıxış qeyri-rəsmi idi, özü də mətbuat üçün nəzərdə tutulmamışdı, yoxsa çapdan öncə yazıya hökmən baxardım. Uzun illər ərzində bir şeyə qəti əmin olmuşam ki, adamın dili başına bəladır və bizim aramızdakı müsibətlər də dilə gətirdiyimiz sözlərin, etdiyimiz çıxışların ucbatındandır. Düşünürdüm ki, mən artıq bu axmaq çərənçilik vərdişini tərgitmişəm. Qoy bu mənə sonuncu dərs olsun. Çox ümidvaram ki, bu Sizin üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Yox, əgər bunun zərrə qədər də önəmi varsa, onda səmimi üzrxahlığımı öz Folknerinizdən lütfən qəbul edin.
Oksford, Missisipi. 29 iyun 1947
Məhz bundan sonra XX əsrin iki böyük yazıçısı arasında ixtilafa aydınlıq gəlir.
(Material yazıçı, tərcüməçi Mahir N.Qarayevin “Bir münaqişənin tarixçəsi” adlı məqaləsi əsasında hazırlanmışdır.)