Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Əlavə cümlələrdə durğu işarələri

 

Əlavə cümlə hər hansı cümlə üzvü və ya ifadə olunan fikir haqqında əlavə informasiya ötürən cümlədir. Bu sintaktik vahid semantik baxımdan cümlə üzvü və ya ümumi fikirlə bağlı olsa da, qrammatik baxımdan əsas cümlənin sintaktik konstruksiyasına daxil olmur. Məhz buna görə də əlavə cümlə əsas cümlə daxilində müxtəlif durğu işarələri (mötərizə, tire, vergül) vasitəsilə xüsusiləşir, belə demək mümkünsə, “təcrid olunur”:

  • O dövrdə sirli “Sibir yazıları” haqqında – onu çox ehtiyatla belə adlandırırdılar – çox məlumat toplanmışdı.
  • Martın 14-də – bu tarixi heç vaxt unutmaram – həmişəkindən fərqli olaraq yuxudan erkən oyandım.
  • Axı o iki nəfər, doğrudan da, iki nəfər olubsa, kimsəsiz evə necə giriblər?
  • Bu ölkə bizim ümumi düşmənimizin (rus imperializmi nəzərdə tutulur – red.) qarşısını alacaq.

 

Cümlə daxilində işlədilən əlavə cümlənin sonunda nöqtə qoyulmur:

  • Bir sözlə, həbs faktının özü deyil (Osmanlı hökumətinin yerində hansı dövlət olsaydı, məhz belə hərəkət edərdi), onun gecikmiş baş verməsi təəccüb doğura bilər! 

Əlavə cümlə aid olduğu əsas cümlənin daxilində deyil, ondan sonra – iki cümlə arasında da işlənə bilər. Belə olduqda əlavə cümlə ardıcıl gələn iki cümlə arasındakı axıcılığı, məntiqi əlaqəni pozur, ona görə bu cümləni mötərizə ilə təcrid etmək lazım gəlir.

Aşağıdakı cümlələrə diqqət yetirək:

  • D.Knut 1974-cü ildə Türinq mükafatına layiq görülmüşdür. Bu alimin informatika elminə verdiyi töhfələr barədə çox danışmaq olar. 

Müəllif cümlələrin məntiqi ardıcıllığını, mətnin axıcılığını pozmadan Türinq mükafatının nüfuzunu vurğulamaq istəyir. O bunu iki yolla edə bilər:

1. Cümlə daxilində, bilavasitə mükafatın adı çəkildikdən sonra:

  • D.Knut 1974-cü ildə Türinq mükafatına (informatikanın Nobel mükafatı sayılır) layiq görülmüşdür. Bu alimin informatika elminə verdiyi töhfələr barədə çox danışmaq olar.

2. Müvafiq cümlədən sonra, iki cümlə arasında:

  • D.Knut 1974-cü ildə Türinq mükafatına layiq görülmüşdür. (İnformatikanın Nobel mükafatı sayılır). Bu alimin informatika elminə verdiyi töhfələr barədə çox danışmaq olar.

Göründüyü kimi, cümlələr arasında gələn əlavə cümlə mötərizə içərisində yazılır və bağlayan mötərizədən sonra nöqtə qoyulur.

Daha bir nümunə:

  • Qərara görə təcavüzkarlar dərhal yaxalanmalı və mühakimə edilməli idilər. (Sonradan həmin maddə üzrə yüzlərlə insan ölüm cəzasına məhkum olunmuşdu). İkinci qərarda isə köçürülənlərin əmlakının xüsusi komissiya tərəfindən satılması nəzərdə tutulurdu. (Jorj de Malevil)

 

Beləliklə, yazı praktikasında analoji sintaktik konstruksiyalarda bəzən müxtəlif durğu işarələrindən istifadə olunur. Bu konstruksiyalar qrammatik baxımdan standartlaşsa da, oradakı sintaqmlar arasında məna əlaqələri çox müxtəlifdir. Məsələn, aşağıdakı cümlələrin tərkib hissələri arasında aydınlaşdırma, yoxsa səbəb-nəticə əlaqəsi olduğunu söyləmək çətindir:

  • Buna təəccüblənməyə dəyməz – müəllif mövzuya yaxından bələddir.

(Buna təəccüblənməyə dəyməz, çünki müəllif mövzuya yaxından bələddir.)

  • Tağıyev narahatdır: qırğınlar Şuşaya keçir.

(Tağıyev narahatdır, çünki qırğınlar Şuşaya keçir.)

Semantik müxtəliflik durğu işarələrindən istifadədə çoxvariantlıq yaradır:

  • Hansı addım millətə daha böyük xəyanətdir – hakimiyyəti saxlamaq naminə ordu çağırmaq, yoxsa məsuliyyətdən yayınmaq üçün istefa vermək – söyləmək çətindir. 
  • Hansı addım millətə daha böyük xəyanətdir: hakimiyyəti saxlamaq naminə ordu çağırmaq, yoxsa məsuliyyətdən yayınmaq üçün istefa vermək? Söyləmək çətindir.

 

  • Fərqi yoxdur: istər ara cümlə olsun, istərsə mürəkkəb cümlə komponenti – bu ifadələr vergüllə ayrılır. 
  • Fərqi yoxdur, istər ara cümlə olsun, istərsə mürəkkəb cümlə komponenti, bu ifadələr vergüllə ayrılır.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.