Reklam
Reklam
Topic: Tarix
Sub-Topic: Qədim dövr
The author: Elnur Astanbəyli

Diogen, həqiqətən də, Makedoniyalı İsgəndərə “Çəkil, günəşin qarşısını kəsirsən” deyibmi?

Qəribə yaşayış tərzi, qeyri‐adi hərəkətləri, tikanlı sözləri ilə məşhur olan qədim yunan filosofu Sinoplu Diogenlə bütün zamanların ən böyük sərkərdələrindən biri Makedoniyalı İsgəndər arasında dialoqlar çox məşhurdur. Çoxlarını bir sual düşündürür: həmin dialoqlar, həqiqətən, baş veribmi, yoxsa sadəcə kimlərinsə təxəyyülünün məhsuludur?

Tarixi mənbələrdə İsgəndərlə Diogenin həqiqətən qarşılaşdığı yazılır. Bu görüş Qədim Yunan şəhəri olan Korinfdə baş tutub. Həmin vaxt Sinoplu Diogen öz kinikləri (M.ö. IV əsrdə ortaya çıxan və əxlaq normalarını inkar edən fəlsəfi məktəbin ardıcılları) ilə burada yaşayırdı. Eyni vaxtlarda Yunanıstan uzun illər davam edən daxili müharibələrdən zəifləmişdi. Bu vəziyyətdən istifadə edən Makedoniya kralı II Filipp M.ö. 338-ci ildə Xeroneya döyüşündə Afina və Fiva qoşunlarını məğlubiyyətə uğratdı. Bununla da o, Yunanıstan üzərində Makedoniya hegemonluğunu faktiki olaraq təmin etdi. Ardınca isə Qədim Yunan şəhər-dövlətlərinin ümumi idarəçiliyi üçün Korinfdə yığıncaq çağırdı. Bu, ilk Korinf yığıncağı idi. Yığıncaqda Yunanıstanın əsas şəhər-dövlətləri Makedoniyanın rəhbərliyi altında ittifaq yaratdılar. İkinci Korinf yığıncağı isə II Filipin ölümündən və onun oğlu İsgəndərin taxta çıxmasının ardından M.ö. 336-335-ci illərdə keçirildi. Həmin toplantıda İsgəndər atasının səlahiyyətlərini rəsmən miras aldı.

Antik qaynaqlar İsgəndərlə Diogen arasında görüşün də elə bu yığıncağın keçirildiyi günlərdə baş tutduğunu yazırlar. Belə ki, yığıncaqdan sonra dövrünün görkəmli filosofları, şairləri, ictimai-siyasi xadimləri İsgəndəri təbrik etməyə gəlirlər. Onların arasında bircə Diogen yox idi. Mənbələrin yazdığına görə, bundan dilxor olmuş İsgəndər onu şəxsən görmək üçün şəhər ətrafına gəlir. Diogen burada iri bir çəlləyin içində yaşayırdı. İsgəndərin dəstəsi hay‐küylə yaxınlaşanda filosof yerindən dikəlir və hökmdara tərs‐tərs baxıb susur. Gənc kral pərt olsa da, filosofu nəzakətlə salamlayır. Lakin Diogen yenə susur. Nəhayət, İsgəndər soruşur ki, hökmdarın yerinə yetirə biləcəyi hansısa bir istəyi varmı? Bu zaman məşhur cavabı eşidir: “Bəli, var. Kənara çəkil, günəşin qarşısını kəsirsən”. Bununla da onların arasındakı söhbət qurtarır.

Korinfə qayıdanda yanındakılar İsgəndərin könlünü almaq üçün Diogeni başdanxarab, tərbiyəsiz adlandırmağa başlayırlar. Gənc hökmdar isə onların üstünə acıqlanaraq deyir: “Əgər mən İsgəndər olmasaydım, Diogen olardım!”

Qədim dövrün ən məşhur tarixçilərindən Plutarx (təxm. 50 – təxm. 120) Korinf yığıncağının keçirildiyi vaxtda Diogenlə İsgəndər arasında yuxarıda bəhs edilən görüşün və dialoqun baş verdiyini təsdiqləyir. Miladdan sonra III yüzillikdə yaşamış başqa bir qədim yunan müəllifi Leartlı Diogen də eyni qənaətdədir. Lakin romalı tarixçi Arrian  (təxm. 86/89 – təxm. 146/160) kimi bəzi qədim müəlliflər Sinoplu Diogenlə İsgəndər arasında görüş olduğunu mümkün saysalar da, onların arasında məşhur dialoqun baş tutmasına şübhə ilə yanaşırlar.

Bir sözlə, əksər tarixi mənbələrdə bu görüş və dialoq barədə təfsilatı ilə məlumatlar yer alsa da, həmin məlumatların nə qədər doğru olub-olmadığı yönündə mübahisələr günümüzədək davam etməkdədir.

 

Material hazırlanarkən Piter Qrinin "Makedoniyalı İsgəndər" kitabından ("Altun kitab" nəşriyyatı, Bakı – 2020) istifadə olunmuşdur.