Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYVAZ türk.

eyvaz sözündəndir. Eyvaz qədim türk dillərində düzülmüş, biçilmiş, qaydaya salınmış mənalarında işlədilmişdir. Araşdırmalarda Eyvaz antroponimi oğuz tayfa ittifaqına daxil olan Təklələrin (sonrakı mərhələdə Şahsevənlərin) tərkibinə daxil olmuş Eyvazlı tirəsinin adı ilə əlaqələndirilir. Lakin bəzi mənbələrdə adın nədənsə ərəb mənşəli əvəz sözündən olduğu ilə bağlı, Əvəz (bax: ad – ƏVƏZ) adının Azərbaycan dilində Eyvaz formasında işlədilməsi barədə də məlumatlara rast gəlinir. O da məlumdur ki, eyvaz Türkiyədə qeyri millətlərdən olan xidmətçilərə verilən ad olmuşdur.

Qəhrəmanlıq dastanlarımızdan olan “Koroğlu” dastanında xalq qəhrəmanı Koroğlunun övladlığa götürdüyü gəncin adı da Eyvaz olmuşdur. XX əsrin ortalarına yaxın dastanın toplanması, nəşri, tədqiqi ilə bağlı bir çox işlər görülürdü. Məişətimizdə Eyvaz adının geniş yayılması da dastana olan xalq məhəbbətindən irəli gəlirdi. XX əsrin sonundan müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.

Azərbaycanda Eyvaz adı ilə əlaqədar kifayət qədər yer adlarına (Eyvazlı, Eyvazalılar, Eyvazxanbəyli və s.) rast gəlinir. Tədqiqatlarda cənubda Masallı bölgəsində Eyvazkəsdi dağının yaxınlığındakı eyniadlı meşə haqqında belə bir məlumata rast gəlinir ki, bu meşəyə Eyvaz adlı birisi qulluq etdiyindən meşə onun adı ilə adlandırılmışdır. Əslində Eyvazkəsdi oronimi Eyvazuşağı, Eyvazoğulları etnoniminin sinonimi olan Eyvazkəsli, yəni Eyvazdan törəmələr, Eyvazın nəslinin adı ilə əlaqədardır.Bu da Azərbaycanın bir çox yerlərində Eyvaz adı ilə bağlı yer adlarının olması (Ağdam, Qubadlı, Beyləqan, Goranboy ərazisində kənd adı, Şərurda məhəllə və s.) ilə əlaqədardır. Qazaxda Eyvazalılar (yerli tələffüz formasında Ayvazalılar), Ağdamda Eyvazxanbəylilər (sonrakı mərhələdə Məmmədxanbəylilər) məşhur nəsillərdən hesab edilir. Bütün bunlar Eyvaz antroponiminin türk mənşəli olduğuna dəlalət edir. Qeyd etmək lazımdır ki, Eyvaz (bəzən Ayvaz) kişi adı, eləcə də addan formalaşmış soyadlar bu gün Cənubi Qafqaz xalqlarının məişətində mövcud antroponimlərdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYVAZƏLİ türk.

mürəkkəb adların tərkibində işlənən Eyvaz və ərəb. Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Eyvazəli (bax: ad – EYVAZ; ƏLİ) kişi adı nüfuzlu, mənsəb sahibi Eyvaz anlamını ifadə edir.

Adın təhrif olunmuş forması Eyvazalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Tədqiqatlarda Gəncə-Qazax düzənliyində yerləşən Eyvazalılar kəndinin adını həmin yaşayış məskənini salmış Eyvazalı adlı şəxsin adı ilə əlaqələndirirlər. Qazax bölgəsinin Xanlıqlar kəndində həmin nəslin davamçıları bu gün də yaşayır. İmişli rayonu ərazisində də Eyvazalı kəndi vardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EYVAZXAN türk.

mürəkkəb adların tərkibində işlənən Eyvaz adı və arxaikləşmiş xan titulunun birləşməsindən yaranmış şəxs adıdır. Eyvazxan (bax: ad – EYVAZ; XAN) kişi adı Eyvaz xan mənasındadır. Xan titulu Eyvaz adına möhtəşəmlik, əzəmət vermək üçündür.

XVII–XVIII əsrlərə aid edilən “Koroğlu” dastanında Koroğlunun oğulluğa götürdüyü Eyvaz da qoşmalarda, gəraylılarda, bayatılarda Xan Eyvazım, Xan Eyvaz deyə mədh edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏBİL ərəb.

abil sözünün dilimizdə kök, yekə, böyük, iri, dolğun anlamlarını ifadə etməsiylə əlaqədar izahlı lüğətlərdə məlumatlara rast gəlinir.

Bəzi mənbələrdə mürəkkəb şəxs adlarının komponenti kimi işlənən Əbu/Əbül sözü ilə eyniləşdirilir. Bu fikirlər daha inandırıcıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əbil bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan ərazisində Əbil şəxs adı ilə əlaqədar yer adları da məlumdur. Qubadlı bölgəsində Əbilcə, Xaçmaz bölgəsində Əbilyataq kəndi var. Qusar rayonunda çay adıdır (Əbilçay). Toponimlərin izahı ilə bağlı lüğətlərdə bu oykonimlər və hidronim Əbil şəxs adı ilə əlaqələndirilir. Əbilcə sözündəki -ca şəkilçisi türk dillərinə məxsusdur. Əbülyataq adındakı yataq sözü də türk mənşəlidir. Yəni toponimlərdə də, hidronimdə də Əbil sözü türkmənşəli elementlərlə birləşmişdir. Əbili Əbil, Əbülfət, Əbülfəz adlarının əzizləmə və oxşama məzmunlu formasıdır. Eyni zamanda bəzi dialektlərdə dilimizdə ərəb dilindən keçmə adlar sırasında olan Habil şəxs adı Əbil adına yaxın Həbil, Həvil kimi tələffüz edilir. Belə düşünmək olar ki, Əbil şəxs adı dilimizdə daha erkən dövrlərdən mövcud olmuşdur, həm də XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmışdır. Bunu addan formalaşmış soyadların da kifayət qədər mövcud olması bir daha sübut edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti