►Kiminsə bir məsələyə hədsiz emosional və aqressiv yanaşmasını, kəskin mənfi reaksiyasını yarızarafat və kinayə ilə bildirmək üçün işlədilən ifadə.
İfadə ötən əsrin 60–70-ci illərində geniş yayılmış «Fantomas» macəra filmindən (Fransa, 1965) qaynaqlanaraq məşhurlaşmışdır.
Yazıçı Marsel Alenin ələkeçməz və hiyləgər cinayətkar olan Fantomas haqqında silsilə romanlarının birincisi 1911-ci ildə, axırıncısı isə 1962-ci ildə çap olunub. Rejissor Andre Yunebelin çəkdiyi film isə (ssenari müəllifləri J.Alen və P.Fuko) Fantomas obrazını daha da məşhurlaşdırmışdır.
Məşhur deyim filmdə polis komissarı Jüvün (aktyor L. de Fünes) dilindən səslənir. O, Fantoması tutmaq üçün daim əcaib, həyata keçirilməsi mümkün olmayan planlar qurur. İstənilən situasiyadan məharətlə çıxmağı bacaran çevik və ağıllı Fantomas hər dəfə polisləri çıxılmaz vəziyyətə sala bilir. Komissara yalnız bu dahi cinayətkarın tətbiq etdiyi texnologiyalara heyrətlənmək qalır.
Məsəllər, deyimlər►Çәrənçi, zәvzәk, gәvәzә adamlardan qaçıb canını qurtarmağa çağırış kimi işlədilən ifadə.
İfadә mәşһur Azәrbaycan xalq nağılından yayılaraq ümumilәşdirilib.
Müxtәlif variantlarda vә müxtәlif adlarla («Züleyxa», «Dilli arvad», «Dad Xanpәrinin әlindәn», «İlan vә arvad») yayılmış olan bu nağılda ilanla bir quyuda qalan dilli arvaddan, bu arvadın çәrәnçiliyi, çox danışması ilә hәtta ilanı da bezdirməsindәn bәhs edilir. İlan onu quyudan çıxaran adama vəd verir ki, mәnim dalımca saraya gәlərsәn. Mәn gedib padşaһın qızının boynuna dolanacağam, nә qәdər ovsunçu gәlsә dә, onun boynundan açılmayacağam, sәn gәlәn kimi çәkilib gedәcәyәm. Belәliklә, sәn şahdan istәdiyin qәdәr xәlәt alarsan.
İlan onu çərәnçi Fatmanın әlindәn xilas edәn şәxsә bir neçә dәfә bu yolla yaxşılıq edir. Axırda isә bәrk-bәrk tapşırır ki, daha mәn dolandığım adamın yanına gәlmәyәsәn. Yoxsa səni dә çalaram. Lakin kişi ilana verdiyi sözü pozmalı olur vә onun yanına gedir. İlanın qәzəblәndiyini gördükdә ona deyir: «Mәn gәldim sənә xәbәr verәm ki, Fatma quyudan çıxıb buraya gәlir. Tez qaç, canını qurtar». Bu sözlәri eşitcәk ilan qızın boynundan açılıb qaçır.
Məsəllər, deyimlər►«Hökmdarların verdikləri fərmanlar, qanunlar ötəridir, qorumağa borclu olduğumuz müqəddəs Vətən torpağı isə əbədidir» mənasında işlədilən deyim.
İfadə Anadolu türkmənlərinin məşhur xalq ozanı Dadaloğlunun (təxm. 1875–1868) eyniadlı şeirindən qaynaqlanaraq geniş yayılmışdır.
Həqiqi adı Vəli olan Dadaloğlu xalq arasında həm də Osmanlı dövlətinin Anadolu türkmənlərini oturaq həyat tərzinə keçməyə məcbur etmək siyasətinə qarşı davamlı mübarizə aparmış qəhrəman kimi tanınır.
Güney Anadoluda Toros dağlarında doğulmuş Dadaloğlu oğuzların Əfşar boyundan idi. Bu qəbilə binadan köçəri həyat sürürdü. Ona görə də Osmanlı hökumətinin onları oturaq həyata məcbur etmək üçün başqa vilayətlərə köçürməsi xalqın ciddi etirazlarına səbəb olmuşdur. Dadaloğlunun şeirləri əfşarların etiraz səsi idi. Bu səs xalqın minillik yaddaşını, tarixini, yaşam tərzini, həmçinin xalqın mübarizə əzmini ifadə edirdi:
Belimizdə qılıncımız girmani,
Daşı dələr mizrağımın təmrəni!
Haqqımızda dövlət vermiş fərmanı,
Fərman padşahındır, dağlar bizimdir!
Bu etirazlardan sonra Osmanlı hökuməti əfşarlara kənd təsərrüfatı üçün münbit ərazilər verdi. Amma yenə də mübarizə davam edirdi. Xalq hökuməti ədalətsiz qərarını ləğv etmək üçün çalışır, dəmir iradə nümayiş etdirirdi. «Dadaloğlu, yarın qovğa qurulur» deyən xalq ozanı da bu mübarizənin önündə olmuşdur. Onun xalqın mübarizə əzmini ifadə edən «Fərman padşahındır, dağlar bizimdir» misrası uzun illər doğma torpaqlara qayıtmaq uğrunda çarpışan xalqın şüarına çevrilmişdir.
Məsəllər, deyimlər►Uğursuzluğa düçar olmaq, ümidləri boşa çıxmaq, məqsədinə nail olmamaq.
İfadə italyan aktyoru Arlekin Biankonellinin tamaşa vaxtı böyük butulka ilə etüd göstərmək cəhdi uğursuzluğa düçar olduqdan sonra yaranmışdır.
Məşhur aktyor, adətən, səhnəyə müxtəlif əşyalarla çıxar və onlarla fərqli nömrələr göstərərək tamaşaçıları güldürərmiş. Bir dəfə A.Biankonelli səhnəyə samana bükülmüş ikilitrlik butulka ilə çıxır, amma düşündüyü fokusu reallaşdıra bilmir. Bu zaman özünü itirməyən aktyor butulkanı yuxarıya qaldıraraq «bütün günahlar səndədir» deyir və onu çiyinləri üzərindən arxaya atır. Bu hərəkət tamaşaçıların çox xoşuna gəlir. O vaxtdan bəri artistlər hər hansı uğursuzluğa düçar olanda deyirdilər: «Bu, Biankonellinin fiaskosudur». Sonralar ifadə İtaliya hüdudlarından kənara çıxdı, aktyorun adı oradan götürüldü və «fiasko» sözü təkcə səhnədə deyil, digər işlərdə də uğursuzluğu, iflası bildirməyə başladı.
Dilimizə rus dili vasitəsilə keçmiş bu ifadə müasir dövrdə yazıda və şifahi nitqdə geniş işlənməkdədir.
Məsəllər, deyimlər►Müxtəlif hərəkət və ya söhbətlərlə həmsöhbətin diqqətini əsas məsələdən, problemdən yayındırmaq.
İfadə çox adama yaxşı tanış olan diş ağrısı ilə bağlı yaranmışdır.
İnsanlarda diş ağrısı bütün zamanlarda olmuşdur. Bəziləri həkimlərə müraciət edir, bəziləri isə bitkilər, ovsunlar və sehrlərlə özünəməxsus müalicə üsulları olan bilicilərin yanına gedirdi. Həmin sehrbazlar dişi ağrıyan adamı ovsunlayır, psixoloji təsir göstərməklə diş ağrısını sovuşdura bilirdilər. Hərdən elə olurdu ki, bu ovsundan sonra diş ağrısı keçib-gedir və insan rahatlanıb razı qalırdı.
Zaman keçdikcə «dişləri ovsunlamaq» ifadəsi «yanıltmaq, aldatmaq» mənasını verməyə başladı. Dişlərlə digər frazeoloji birləşmələr də əlaqədardır: «dişləri rəfə qoymaq» – yəni aclıqdan əziyyət çəkmək, «dili dişlərin arxasında saxlamaq» – susmaq, «dişlərində ilişib qalmaq» – bezdirmək.
Məsəllər, deyimlər►Kimisə əsassız yerə günahlandırmaq üçün cəfəng ittihamlar irəli sürüldüyünü bildirən ifadə.
İfadə Rusiyanın ucqarlarında baş vermiş yəhudi talanları ilə bağlı yaranmışdır.
Çar Rusiyasının cənub şəhərlərindən birində yəhudi talanları gedir. Talançılar bir yəhudi evinə girib talana bəhanə üçün dərhal ailəni xristianlığa hörmətsizlikdə günahlandırmağa başlayırlar. Ev sahibi səliqə ilə bükülü xaç və «İncil» kitabını göstərərək əksini sübut edir. Bu zaman onları çara hörmətsizlikdə ittiham etməyə başlayırlar. Yəhudi çar Nikolayın divardan asılı olan portretinə işarə edərək bu iddianın da əsassız olduğunu göstərir. Bu bəhanə də işə yaramayınca talançılardan biri ömründə ilk dəfə gördüyü pianoya yaxınlaşaraq qapağını qaldırır və soruşur:
– Niyə bunun özü qara, dilləri isə ağdır?
Ev sahibi deyir:
– Pianonun dilləri fil dişindən hazırlandığı üçün ağdır.
Elə bu zaman talançılar bir ağızdan çığırırlar: «Lənətlənmiş yəhudi! Bədbəxt fili niyə öldürmüsən?»
Bunu deyib başlayırlar həmin adamın evini yağmalamağa.
Məsəllər, deyimlər►Ətrafda baş verənləri vecinə almadan öz kefində olan, həyatın mənasını əyləncədə görənlər haqqında işlədilən ifadə.
İfadə «Azərbaycanfilm»in istehsalı olan «Şərikli çörək» filmindəki (1969) bir epizodla əlaqədar yaranmışdır.
Binanın həyətinə gələn fokusgöstərən aparat vasitəsilə müxtəlif fotolar nümayiş etdirir. O bu xidmət üçün izahsız iki manat, izahlı olaraq üç manat alır. Təsvirlər nümayiş etdirilərkən həmin şəxs «Jeneva şəhəri», «Madam-madmazel», «Baden-Badenin mavi gecələri» kimi ifadələr işlədir. Əlində çətirlə şəhərin üzərində havada təsvir edilən kişi rəsmini isə «Fransız xalqı kef eləyir» deyərək şərh edir.
İndi də adamlar əyləncə yerlərində, ziyafətlərdə bir-birini görərkən «fransız xalqı kef eləyir», yaxud «Paris əhli kefdədir» ifadələrini işlədirlər.
Məsəllər, deyimlər►Özündənmüştəbeh, əslində isə istedadsız və qabiliyyətsiz olan adamları səciyyələndirmək üçün istehza ilə işlədilən ifadə.
İfadə ilk dəfə böyük dramaturq Cəfər Cabbarlının «Almaz» pyesində Şərifin dilindən yayılmışdır.
Əsərin əsas obrazlarından biri olan Şərif baş qəhrəman Almaza poetik «istedadını» göstərmək üçün guya özü yazdığı bir şeir oxuyur. Almazın «...mən bu şeiri ya Füzulidə görmüşəm, ya da...» sözlərinə «şair» Şərif özündənrazı şəkildə «onda, yəqin, Füzuli məndən oğurlayıb» cavabını verir.
Burada «məndən» sözü başqa şəxslərə görə dəyişdirilərək də (səndən, ondan, filankəsdən) işlənir.
Adətən, bu ifadə bədii yaradıcılıqla məşğul olan istedadsız adamlara və başqalarının əsərlərini mənimsəyənlərə münasibətdə işlədilir.
Məsəllər, deyimlər