►«Yalnız mövcud olan, təklif edilən iki yoldan biri seçilməlidir» mənasında işlədilən ifadə.
İfadə eyni mənanı verən məşhur «tertium non datur» Roma məsəlindən götürülmüşdür.
Əsasında məntiqin «üçüncünü istisna prinsipi» (qanunu) duran həmin məsələ görə, hər hansı situasiyada mövcud variantlar içərisində «hə» və «yox» həqiqi, digərləri isə yalan olur. Yəni iki yoldan biri olmalıdır, üçüncü və dördüncü variant ola bilməz.
«Üçüncü yol yoxdur» ifadəsi tez-tez KİV-də insan şüurunu manipulyasiya etmək üçün işlədilir; məsələn, «Rusiyada ya Putin olmalıdır, ya da ölkə dağılmalıdır», yaxud «Misirdə demokratiya yoxdur və olmayacaq. Hakimiyyət ya hərbçilərin, ya da dindar müsəlmanların əlinə keçəcək, üçüncü yol yoxdur» və bu kimi tezislər yalnız ictimai rəyi səfərbər etmək, kütləyə təsir göstərmək üçün işlədilir.
Bu ifadə Aristotel məntiqindəki analoqu – üçüncünü istisna qanunu ilə də səsləşir.
Məsəllər, deyimlər►Bərk qorxmaq, vahimələnmək, həyəcandan özünü itirmək.
İfadə xalq arasında fiziki işlə məşğul olan insanın səhhəti ilə bağlı kök salmış təsəvvürdən qaynaqlanaraq yaranmışdır.
Sonradan məcazi məna almış bu ifadə, əslində, ağır iş görən adamın bəzən gücə düşüb səhhətində problem yaranması ilə bağlıdır. Yəni xalq arasında ağır yük qaldıran adama «ehtiyatlı ol, ürək-göbəyin düşər» tövsiyəsi əbəs yerə verilmir.
Həqiqətən, insan fiziki imkanları xaricində olan ağır bir şeyi (daş, un kisəsi, dəmir, kütlə və s.) qaldırdıqda gücə düşür. Bunun əsas əlaməti kimi qarın nahiyəsində, göbəyin altında xoşagəlməz ağrılar və ürəkbulanması başlayır. Xalq təbabətində buna aşağıdakı kimi çarə tapırlar: cavan və ortayaşlı adamları bir neçə dəqiqə başıaşağı saxlayıb bir-iki dəfə dombalaq aşmağa bənzər hərəkət etdirirlər. Sonra adamın qarnını yuxarı istiqamətdə sığayıb qurşaqla bərk-bərk bağlayır və bir neçə gündən sonra narahatlıq keçəndə qurşağı açırlar.
Bütün hallarda ürək-göbəyi düşmək insanlarda müəyyən bir təşviş, qorxu və həyəcan yaratmışdır. Bəlkə də, bu səbəbdən ifadə getdikcə məcazi məna alaraq «qorxu» çalarını müəyyənləşdirmişdir.
Məsəllər, deyimlər►«Üslub insanın təbii xüsusiyyətlәrini әks etdirir», «hər kəsin öz tərzi vardır» mənalarında işlədilən ifadə.
İfadә mәşhur tәbiәtşünas alim Buffonun (1707–1788) Fransa Akademiyasına üzv seçilәndә söylәdiyi nitqindәn qaynaqlanaraq yayılmışdır.
1753-cü ildə söylədiyi həmin nitqdə Buffon sübut etmәyә çalışmışdır ki, insanı başqalarından fәrqlәndirәn yeganә vә başlıca faktor – onun üslubudur. Həqiqətən də, bu fikir heç bir mübahisə doğurmur ki, üslub, tərz, ifadә hәr şәxsin özüdür.
Buffonun bu ifadәsi təxminən yüz il əvvəl әdәbi dilimizdә sitat kimi işlәdilmişdir. H.Cavid vә A.Şaiqin «Әdәbiyyat nәzәriyyәsi» kitabında (Bakı, 1919) deyilir: «Bir mövzunu iki kişi qәlәmә alacaq olsa, meydana qoyacaqları әsәrlәr bir-birinә bənzәmәz. İştә bu ixtilaf üslub vә ifadәlәrin başqa olmasından irәli gәlir. Fransız üdәbasından Büfund «Üslub-bәyan eyni ilә insandır» – demiş».
Məsəllər, deyimlər►Başqalarının elmsizliyinə rişxənd etməkdənsə, çətin vəziyyətlərdən xilas olmaq üçün özündə zəruri vərdişlər tərbiyə etməyin daha vacib olduğunu bildirən ifadə.
İfadə xalq arasında xeyli məşhur olan bir əhvalatdan qaynaqlanaraq yayılmışdır.
Bir nəhv (qrammatika) alimi könlünü şad etmək üçün dəniz gəzintisinə çıxır. Bir qayığa əyləşib hərəkət işarəsi verir. Özündənrazı olan bu alim üzünü qayıqçıya tutub:
– Sən heç nəhv oxudunmu? – deyir.
Qayıqçı fağır-fağır «Xeyr!» dedikdə – alim:
– Hesab et ki, həyatının yarısını itirmisən, – deyir.
Qayıqçı onun bu təkəbbür və kobudluğuna qarşı çox əsəbiləşir, qəlbi qırılır. Lakin susur, dərhal cavab vermir.
Az keçmir ki, irəliləyən bu qayığı külək bir burulğana salır.
Qayıqçı o nəhv alimini səsləyir:
– Sən üzməyi bilirsənmi?
Nəhv alimi «Bilmirəm!» deyəndə qayıqçı:
– Ey nəhv alimi! Hesab et ki, həyatının hamısını itirdin. Çünki qayıq bu burulğandan çıxa bilməyəcək, burada üzmək lazımdır, qrammatika bilmək yox.
Məsəllər, deyimlər►Qəbahət işlədib üzr istərkən daha böyük səhvə yol verməyi, istəmədən kiminsə qəlbinə dəyməyi bildirən ifadə.
Başqa sözlə, «üzrxahlığı günahından daha betərdir» mənasında işlədilən bu ifadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Teymurləng Molla Nəsrəddindən «üzr bədtər əz günah» ifadəsinin mənasını soruşur. Molla bunun fars kəlamı olub mənasının isə üzrü günahından betər olduğunu açıqlayır. Hökmdar heç nə başa düşmədiyini söyləyir və Mollanı məzəmmət edir:
– Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca vaxt verirəm. Başa sala bilməsən, boynunu vurduracağam.
Molla bir söz deməyib hökmdara yaxınlaşır və onu möhkəm çimdikləyir. Bərk qəzəblənən Teymurləng Molladan nə etdiyini soruşur. Molla isə üzr istəyib belə deyir:
– Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də mənim arvadımsan!
Bu sözlərdən Teymurləng cin atına minir:
– Nə danışırsan?!
Molla əhvalını pozmadan cavab verir:
– Qibleyi-aləm, hirslənmə! «Üzr bədtər əz günah» bax budur!
İfadə daha çox Türkiyədə işləkdir: «Özrü kabahatinden büyük».
Məsəllər, deyimlər►Hər hansı pis əmələ görə utanmaq, xəcalət çəkmək, ifşa edilmək, adam içinə çıxa bilməmək.
İfadənin qədim şaman adətlərindən qaynaqlandığı ehtimal edilir.
Şaman adətlərinə görə, qədim dövrlərdə pis əməl törədən şəxsləri el-oba arasında kütləvi şəkildə ifşa edərdilər. Uşaqdan böyüyə kimi hamı həmin şəxsin bəd əməlindən xəbər tutardı. Adət belə idi: hər hansı günah işlətmiş, məsələn, oğurluq etmiş şəxsin üzünü kömürlə qaraldar, sonra küçə-küçə gəzdirib ona lənət yağdırarmışlar. Beləliklə, üzüqaralıq başqa adamları günah işlərdən çəkindirərmiş. Sonradan həmin adət aradan qalxsa da, ifadə işlənməkdə davam edib.
Hazırda dilimizdə «yanında üzüqara çıxmaq», «üzün qara olsun» ifadələri də işlədilir.
Məsəllər, deyimlər►Xoşxasiyyətlilik edən, az zamanda rəğbət qazanıb özünü sevdirməyi bacaran adamlar haqqında işlədilən ifadə.
İfadə qədim insanların şeytanın davranışları, xüsusən şəkildəyişmələri haqqındakı təsəvvüründən qaynaqlanır.
Həmin inanca görə, şeytan müxtəlif cildə girərək insanları yoldan çıxarmağa çalışır. O, bəzən gənc oğlan surətində peyda olub qız-gəlinləri günah işləməyə məcbur edir, ya da əksinə. Özü şər qüvvəni təmsil etdiyinə baxmayaraq o, adamların gözünə şirin, gözəl, xoşxasiyyət, hörmətcil, mülayim görünməyə çalışır.
«Şeytan tükü» ifadəsi məşhur «Məlik Məhəmməd» nağılında aşağıdakı versiyada verilir:
«Məlik Məhəmməd gözlərini yumdu. Şeytan bir tük olub tutuquşunun tükünə qarışdı. Məlik Məhəmməd gözlərini açanda at dedi:
– Məlik Məhəmməd, qoçağım, tüklü tutuya sahib olacaqsan, tez tap.
Məlik Məhəmməd bildi ki, şeytan tük olub quşun tükünə qarışıb, dedi:
– Şeytan qardaş, gözlərinə tük dolar. Tutuquşunun tüklərinin içindən kənara çıx».
«Üzündə şeytan tükü var» deyəndə bəzən nağıldakı kimi şeytanın özünün tük kimi insana qarışdığına işarə edirlər.
Məsəllər, deyimlər►Simaca həddindən artıq gözəl olan birinə baxıb zövq almaq; hayıl-mayıl olmaq.
İfadә mәşhur «Yusif vә Züleyxa» dastanından qaynaqlanaraq yayılmışdır.
Şərqin bu məşhur dastanında deyilir ki, sima etibarilə çox gözәl olan Yusif Misirdә valilik edəndə yeddi il qıtlıq olmuşdu. Bu müddәtdә Yusif xalqa hәmişә buğda paylamış, onu aclıqdan xilas etmişdi. Amma yeddinci il buğda tükәnmiş, yeni mәhsulun yetişmәsinә isә qırx gün qalmışdı. Ac camaat Yusifin yanına gәlir. Guya Yusif çölә çıxıb bir uca yerdә durur, üzündәn niqabı qaldıraraq camaata:
– Üzümә baxın, – deyir.
Guya xalq onun üzünü görüb «әhsən» dedi vә qarınları qırx gün müddәtinә doydu. Deyilənə görə, hәmin müddәtdә Yusifin üzünü görənin aclığı dərhal yadından çıxarmış.
Kökü hәmin hadisә ilә әlaqәdar olan ifadә müasir dilimizdә mәnaca daha da şiddәtlәndirilәrәk «üzünә baxmaqla doymaq olmur» şәklini almışdır.
Məsəllər, deyimlər►Özünü bədnəzərdən, kənar gözdən, naməhrəmdən qorumaq, utanmaq.
İfadə qədim zamanlarda insanların hamılıqla niqab gəzdirmək adətindən qaynaqlanaraq yayılmışdır.
Qәdimlәrdә qadınlarla bərabər, sifətcə gözәl olan kişilәr də gözə gəlməsinlər deyə niqabla gәzirdilәr vә niqab, adәtәn, əlәk formasında olurdu. Odur ki sadә xalq dilindә niqab örtmәk elә üzә әlәk tutmaq şәklindә ifadә edilmәyә başlamışdır.
«Kitabi-Dәdә Qorqud» dastanında «Qanturalı boyu»ndan məlum olur ki, mәhz gözәl olduğu üçün Qanturalı niqabla gәzir: «Qanturalı camal vә kamal yiyәsi yigit idi. Oğuzda dörd yigit niqabla gәzirdi. Biri Qanturalı, biri Qara Çökür vә oğlu Qırqqunuq vә boz ayğırlı Beyrәk. Qanturalı niqabın sәrpdi. Qız köşkdәn baxırdı, daraqlığı boşaldı, kədisi mavladı, öysәl olmuş dana kimi ağzının suyu axdı».
Başqa bir boyda Bamsı Beyrәyin üzü niqablı gәzməsindәn bәhs edilir: «Qızlar aydır: – Vallah, sultanım, bu yigit üzü niqablı yaxşı yigitdir. Bәy oğlu bәy imiş, – dedilәr.
Banıçiçәk aydır: – Hey, hey dayәlәr! Babam mәnә «sәni üzü niqablı Beyrәyә vermişәm» deyәrdi. Olmaya kim, bu ola».
Göyçәk kişilərin qәdim zamanlarda niqab örtmәsi müәyyәn әfsun xarakteri daşıyır, gözdәymәdәn qorunmaq mәqsәdi güdürdü; mәsәlәn, Şәrqdә gözәllik rәmzi hesab olunan Yusif üzünü daim niqabla xalqdan gizlәdәrmiş.
Məsəllər, deyimlər