Qədim Yunanıstanda dəniz sahilindən kənarda yerləşən şəhərləri limanlarla birləşdirən fortifikasiya qurğuları.
Dəniz vasitəsilə ərzaq və digər zəruri malları əldə etmək imkanı verən bu qurğular şəhər sakinlərinin qurudan uzunmüddətli mühasirəyə davam gətirməsinə şərait yaradıb. Korinf şəhərini Lexe limanı, Arqosu Temeni limanı ilə birləşdirən U.D. mövcud olub. Ən məşhur U.D. isə Afinada inşa edilib. Təxminən e.ə. 460-cı ildə tikintisinə başlanan bu divarlar Afinanı əhatə etməklə yanaşı, həm də onu 6 km aralı yerləşmiş liman şəhəri Pireylə birləşdirib. Müharibələr zamanı bütün Afina vətəndaşları bu möhkəmləndirilmiş rayonda sığınacaq tapa biliblər. Eyni zamanda mühasirə vaxtı həmin divarlar Afinanın dənizlə əlaqəsini təmin edib. Peloponnes müharibəsində e.ə. 404-cü ildə afinalılar spartalılar tərəfindən məğlub edildikdən sonra U.D. uçurulub, lakin e.ə. 393-cü ildə yenidən bərpa olunub.
Tarix terminləri lüğəti