Mediada yayılmış məlumatı gizlətmək, yaxud onun müəllifini cəzalandırmaq cəhdinin bu məlumatın daha geniş yayılmasına səbəb olması.
S.E. internetin yaratdığı fenomendir. Termin 2003-cü ildən sonra ABŞ-da meydana çıxıb. Həmin il məşhur müğənni Barbara Streyzand onun Kaliforniyadakı evinin şəklini icazəsiz çəkmiş fotoqrafı və şəklin yerləşdirildiyi saytı (pictopia.com) məhkəməyə vermişdi. Fotoqraf məhkəmədə bildirmişdi ki, eroziyaya uğramış torpaqlara diqqət cəlb etmək üçün layihə yerinə yetirir və müğənninin evini deyil, həmin ərazidə okean sahilinin şəklini çəkib. Lakin Streyzandın təkidi ilə şəkil saytdan çıxarılmışdı. Effekt gözlənilməz olmuşdu. Məhkəməyə qədər saytda Streyzandın evinin şəklinə çox az adam maraq göstərmişdisə, prosesin ilk ayında ona 420 mindən artıq baxış keçirilmişdi. Sonda məhkəmə iddiası sayta bir milyondan artıq izləyici cəlb etmişdi, şəkil Associated Press agentliyinin arxivinə, oradan isə bir çox qəzetlərin səhifələrinə düşmüşdü.
Jurnalistika terminləri lüğəti