Baş cümlədən əvvəl gəlib məzmunu baş cümlənin məzmunu ilə qarşılaşdırılan budaq cümlə.
Qarşılaşdırma budaq cümləsinin üç tipi vardır: 1. Budaq cümlənin xəbəri -sa2 şərt şəkilçisi və da, də, belə ədatları ilə işlənir. Bu zaman budaq cümlənin tərkibində nə qədər, hər nə qədər bağlayıcı sözləri işlənə bilər; məs.: Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, (yenə) nəzərini çəkə bilmirdi (Mir Cəlal). 2. Budaq cümlədə işlənən hərçənd, düzdür, doğrudur kimi sözlərə müvafiq olaraq baş cümlədə amma, ancaq, lakin bağlayıcıları işlədilir; məs.: Hərçənd bir az tezdir, amma zərəri yoxdur (Ə.Vəliyev). 3. Budaq cümlənin tərkibində müxtəlif hallara düşən hara, kim, nə, necə, nə vaxt sözləri işlənir, xəbəri isə feilin təkrar forması ilə ifadə olunur; məs.: ...haralı olur-olsun, adam olsun (M.İbrahimov). Nə vaxt yatır-yatsın, səndən tez ayılacaq (M.İbrahimov).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti