yun. paleo – qədim + lithos – daş
Qədim Daş dövrü, Daş dövrünün ilk mərhələsi.
P. qazıntı adamının yaşadığı dövr sayılır. Bu mərhələ təqribən 2 milyon il bundan əvvəl başlayıb və təqribən 12–10 min il əvvəl bitib. P.-də insanlar yalnız cilalanmamış daş alətlərdən istifadə ediblər, ovçuluq və yığıcılıqla məşğul olublar. Balıqçılıq yenicə yaranmağa başlasa da, hələ əkinçilik və maldarlığa keçid baş verməyib. P. üç mərhələyə bölünür: Alt P.; Orta P. və ya Müstye dövrü; Üst və ya Son P. Alt P. öz növbəsində – Olduvay, Qədim Aşel, Orta Aşel və Son Aşel dövrlərinə ayrılır. O, Yer kürəsində ilk meymunabənzər insanların – Homo habilis-in yaranması ilə başlayıb, daha sonra isə pitekantrop, sinantrop və s. arxantroplar meydana gəlib. Orta P. (Müstye dövrü) neandertalların (paleoantropların) yaranması ilə səciyyələnir. Üst P. isə Orinyak, Solütre və Madlen dövrlərindən ibarətdir. Üst P.-ə keçid mərhələsində, təxminən 40 min il əvvəl müasir insan (neoantrop) – Homo sapiens formalaşıb.
Tarix terminləri lüğəti