lat. navigatio – gəmi ilə üzürəm
1. Hərəkət edən obyektin bir yerdən başqa yerə çatması üçün yol seçməyin və optimal marşrut yaratmağın üsullarını öyrənən elm.
N. elminin müxtəlif sahələri var: dəniz N.-sı (gəminin su hövzəsində istiqamət və marşrutunun müəyyənləşdirilməsi); aeronaviqasiya və kosmik naviqasiya (uçuş aparatlarının fəzada yolu və marşrutunun müəyyənləşdirilməsi); avtomobil N.-sı (şoselərə, xəritələrə, elektron qurğuların məlumatlarına əsasən yolun seçilməsi və marşrutun qurulması); astronomik N. (göy cisimlərinin şüalandırdığı işıq və radiodalğaları vasitəsilə koordinatların və istiqamətin müəyyənləşdirilməsi); peyk N.-sı (peyklərdən alınan informasiya əsasında yerin, hərəkət istiqamətinin və marşrutun müəyyənləşdirilməsi); radionaviqasiya (radiotexnik qurğular vasitəsilə hərəkət edən obyektlərin idarə olunması); yeraltı N. (xüsusi avadanlıqlar vasitəsilə qazma komplekslərinin yeraltı hərəkət istiqaməti və marşrutlarının müəyyənləşdirilməsi); bionaviqasiya (canlı orqanizmlərin müəyyən davranışlarına görə istiqamətin və marşrutun seçilməsi) və s.
2. Hərəkət edən hər hansı obyektin bir yerdən başqa yerə çatması üçün yolun seçilməsi və optimal marşrutun yaradılması prosesi.
Bu proses, adətən, üç mərhələdən ibarət olur: koordinatların müəyyənləşdirilməsi, istiqamət və yolun seçilməsi, hərəkətin düzgünlüyünə nəzarət.
3. Müəyyən ərazidə iqlim şərtlərindən asılı olaraq hərəkətin mümkün olduğu zaman kəsiyi.
Şimal dənizlərində gəmi N.-sı yalnız qısa yay aylarında mümkündür.
Coğrafiya terminləri lüğəti