Orta və qismən Üst Paleolit dövrü üçün xarakterik olan daş alət hazırlama texnikası.
Bu texnika əsasında düzəldilmiş alət ilk dəfə Levallua Perre şəhəri (Fransa) yaxınlığında tapıldığı üçün ona belə ad verilib. L.T.-nda əmək aləti hazırlamaqdan ötrü əvvəlcə daşın səthi yanlardan mərkəzə doğru təmizlənir və bağa çanağına bənzəyən nukleus alınır. Nukleusdan isə oval, lövhəşəkilli, düzbucaqlı, yaxud üçbucaq formalı hissələr qoparılaraq onlardan alətlər düzəldilir. XIX əsrdə bu texnikanın yalnız “Levallua mədəniyyəti” üçün xarakterik olduğu güman edilib. Lakin sonrakı tədqiqatlar L.T.-nın universal xarakter daşıdığını göstərib. Eyni texnika ilə hazırlanmış əmək alətləri Azərbaycanda Azıx, Tağlar və Daşsalahlı mağaralarında da aşkarlanıb.
Tarix terminləri lüğəti