lat. confoederatio – ittifaq, birlik
1. Suveren dövlətlərin öz müstəqilliklərini saxlamaq şərti ilə konkret məqsədə nail olmaq və birgə hərəkət etmək üçün yaratdıqları ittifaq.
K. üzvlərindən hər biri öz hakimiyyət orqanları sistemini və qanunvericiliyini saxlayır, yalnız məhdud sayda (əksər halda hərbi və xarici siyasət sahəsinə aid) məsələlər üzrə səlahiyyətlərini ittifaq qurumlarına verir. Bu baxımdan ittifaq orqanlarının K.-ya daxil olan dövlətlər üzərində bilavasitə hakimiyyəti olmur, onların qərarları isə yalnız müvafiq dövlətin razılığı ilə həyata keçirilir. Tarixi təcrübə göstərir ki, K.-lar, bir qayda olaraq, son nəticədə ya dağılır, ya da federasiyaya çevrilir. Təsadüfi deyil ki, müasir dövrdə dünyada real K.-ya rast gəlinmir; məs.: İsveçrə rəsmi olaraq K. adlansa da, artıq XIX əsrin ortalarından mahiyyətcə federasiyadır.
2. Ayrı-ayrı müstəqil ictimai, yaxud digər təşkilatların yaratdıqları birlik forması; məs.: həmkarlar ittifaqları K.-sı.
Tarix terminləri lüğəti