lat. condensatio – sıxlaşma, qatılaşma
Maddənin qaz halından maye, yaxud bərk hala keçməsi.
Coğrafiyada K. dedikdə məhz su buxarının suya və ya buza çevrilməsi başa düşülür. K., əsasən, temperaturun azalması, təzyiqin artması nəticəsində atmosferdə, müəyyən şəraitlərdə Yerin səthində (cisimlərin üzərində) və altında (süxurların boşluqlarında) baş verir. Atmosferdə su buxarının K.-sı havanın rütubətlə doyduğu şəraitdə başlanır. Havanın temperaturu aşağı düşdükcə o, su buxarı ilə doyma nöqtəsinə (şeh nöqtəsinə) çatır və soyuma prosesi bundan sonra da davam edərsə, havadakı su buxarı K.-ya uğrayır. Nəticədə şeh, duman, bulud yaranır.
Coğrafiya terminləri lüğəti