Reklam
Reklam

Tarix terminləri lüğəti

köçərilik

Təsərrüfat fəaliyyətinin daim bir yerdən digərinə köçməklə müşayiət olunan xüsusi forması, habelə onunla əlaqədar həyat tərzi.

K., əsasən, arid (quraq) zonada məskunlaşan maldarların həyat tərzi üçün səciyyəvi sayılır, lakin ovçuluq və yığıcılığın bəzi arxaik tiplərinə də aid edilir. K.-in e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində Avrasiyanın dağ-çöl zonası tayfaları arasında yarandığı güman edilir. O, mal-qaranın sayının artmasına, arid zonasında öncə insan ayağı dəyməyən ərazilərin məskunlaşmasına, tayfalar arasında əlaqələrin inkişafına şərait yaradıb. Maldarlıq köçərilərin əsas məşğuliyyəti hesab edilir, bununla belə, onlar həm də sənətkarlıq, ovçuluq, ticarət və əkinçiliklə məşğul olublar. Təbii şəraitdən asılı olaraq K.-in “meridional” (sürülərlə yayda şimala, qışda isə cənuba köçetmə), “səhra” (bir quyudan digərinə doğru yerdəyişmə), “üfüqi” (aranda qış otlaqlarından dağda yay otlaqlarına köçmə) və bu kimi formaları məlumdur. Türk tayfalarının böyük əksəriyyəti köçəri həyat tərzi keçirib.

Tarix terminləri lüğəti