Jurnalistikanın əsas məqsəd və vəzifələrini, jurnalistlərin peşə davranışlarının əxlaqi və hüquqi əsaslarını müəyyən edən qaydalar toplusu.
Jurnalistika təcrübəsində və beynəlxalq jurnalist təşkilatlarının sənədlərində bu peşənin doqquz əsas prinsipi digərlərindən fərqləndirilir:
a. Jurnalistin əsas vəzifəsi həqiqəti üzə çıxarıb auditoriyaya çatdırmaqdır.
b. Jurnalistikanın əsas müttəfiqi maraqlarına xidmət etdiyi cəmiyyət və vətəndaşlardır.
c. Jurnalistikanın mahiyyəti faktlara əsaslanmaq və faktları yoxlayıb dəqiqləşdirməkdədir.
ç. Jurnalistika daim fəaliyyətini işıqlandırdığı subyektlərdən müstəqilliyini qoruyub saxlamalıdır.
d. Jurnalistika hakimiyyətlə münasibətlərində müstəqil müşahidəçi və ictimai nəzarətçi kimi çıxış etməlidir.
e. Jurnalistika cəmiyyətdə tənqid, habelə kompromis əldə edilməsi üçün ictimai forum olmalıdır.
ə. jurnalistika mühüm və vacib olanları ictimaiyyət üçün əhəmiyyətli və maraqlı etməyə can atmalıdır.
f. Xəbərlər cəmiyyətə anlaşıqlı və ölçülü (balanslı) təqdim edilməlidir.
g. Jurnalistlərə öz vicdanlarının diktəsi ilə hərəkət etmək imkanı verilməlidir.
Jurnalistika terminləri lüğəti